13 iyun 2025-ci il İsrailin “Yüksələn Şir Əməliyyatı” adlı hava əməliyyatı nəticəsində İranın strateji obyektlərinə, o cümlədən nüvə müəssisələrinə və hərbi qərargahlara genişmiqyaslı zərbələr endirildi. Rəsmi Tehranın əvvəlcə təsdiqləməkdən yayınsa da, əməliyyatın ardınca yayılan görüntülər və diplomatik reaksiyalar göstərdi ki, hücum İran hərbi və elmi elitasına ciddi zərbə vurub. Zərbələr nəticəsində bir neçə yüksək rütbəli hərbçi və nüvə mütəxəssisi həlak olub.
Tribunainfo.az İsrailin hava əməliyyatı zamanı öldürülən şəxslərin kimliyi və daşıdıqları vəzifə barədə hazırladığı yazını təqdim edir:
-Hüseyn Salami
Vəzifə: General-mayor, İran İnqilab Keşikçiləri Korpusunun (IRGC) Baş Komandanı
Haqqında: 1960-cı il təvəllüdlü Salami 2019-cu ildən bəri IRGC-yə rəhbərlik edirdi. Onun adı regionda bir sıra əməliyyatlarla, o cümlədən İraq və Suriya ərazisindəki İran təsirinin genişlənməsi ilə bağlı hallanırdı. İsrail hücumunda ölməsi, Tehran üçün həm simvolik, həm də operativ baxımdan böyük itkidir.
-Məhəmməd Bağeri
Vəzifə: İran Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi
Haqqında: İranın hərbi strategiyalarının əsas memarı kimi tanınan Bagheri-nin ölüm xəbəri əvvəlcə təkzib olunsa da, etibarlı diplomatik mənbələr onun öldürüldüyünü təsdiqləyib.
-Qulami Əli Rəşid
Vəzifə: General-mayor, Khatam-al Anbiya Mərkəzi Qərargahın komandanı
Haqqında: Bu qərargah İranın müdafiə və hücum planlamalarını birbaşa idarə edən əsas orqandır. Rəşid həm də Yaxın Şərqdəki İran təsir dairələrinin idarəsində rol oynayırdı.
-Əli Şamxani
Vəzifə: Ali rəhbərin siyasi məsləhətçisi, keçmiş təhlükəsizlik şurasının katibi
Haqqında: Əli Şamxani Ali rəhbər Ayətullah Xameneiyə yaxınlığı ilə tanınır. Şamxani uzun illər İranın milli təhlükəsizlik sistemində əsas fiqur olub. Hücum zamanı yaralanan Şamxaninin sonradan öldüyü təsdiqləndi.
-Firudin Abbasi Davani
Vəzifə: Nüvə fiziki, keçmiş Atom Enerjisi Təşkilatının rəhbəri
Haqqında: 2010-cu illərdə nüvə proqramına görə Qərbin sanksiya siyahısına düşmüş tanınmış nüvə mütəxəssisi. Tehrandakı hədəflərdən birində öldürülüb.
-Məhəmməd Mehdi Tehrançı
Vəzifə: Nüvə tədqiqatçısı, fizik
Haqqında: Abbasi Davani ilə birlikdə fəaliyyət göstərən və strateji laboratoriyalardan birində çalışan alim. Onun ölümü İranın nüvə infrastrukturu üçün əlavə itki hesab olunur.
Gülşən Rəsul