AZ

Baş nazir Ünal Üstel: Azərbaycanın bizə verdiyi xüsusi dəstək sayəsində Şimali Kipr TDT yə müşahidəçi üzv oldu MÜSAHİBƏ

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 13 iyun, Gülay Nəzərova, AZƏRTAC

Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel ölkəmizə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

-Sizi “Konstitusiya və Suverenlik İli”ndə Azərbaycanda salamlayırıq, xoş gəlmisiniz. Əvvəlcə Azərbaycana səfərinizin məqsədi barədə məlumat verməyinizi xahiş edirik.

-Azərbaycanda olmaqdan böyük məmnunluq duyuram, çünki öz vətənimizdəyik. Bura bizim vətənimizdir. Şimali Kipr Türk Cümhuriyyəti ayrıca dövlət olsa da, Azərbaycandakı qardaşlarımızın yanına gəldiyimiz zaman özümüzü öz evimizdəki kimi hiss edirik. Çünki Azərbaycan Prezidenti İlham Əliyev bizə bütün platformalarda hər zaman güclü dəstək verib və verməkdədir. Buna görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına səmimi-qəlbdən təşəkkür edirəm.

Biz Azərbaycanla əməkdaşlığımızı daha da irəli aparmaq üçün müxtəlif fəaliyyətlər həyata keçiririk. İş adamlarımızın iştirakı ilə turizm və ticarət sərgisinin təşkil olunmasına görə Azərbaycandayıq. Həmçinin Şuşada keçiriləcək Zirvə toplantısına ən yüksək səviyyədə qatılacağıq.

Azərbaycanla münasibətlərimizi idman, turizm, iqtisadiyyat, incəsənət və mədəniyyət sahələrində daha da irəli aparmaq üçün səy göstəririk. Bir müddət əvvəl Yeni Azərbaycan Partiyası, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) və Şimali Kipr Türk Cümhuriyyətinin hakim Ulusal Birlik Partiyası arasında protokol imzalanıb. Həmin protokol çərçivəsində üç qardaş ölkənin insanlarını bir araya necə daha çox gətirə, hansı tədbirləri keçirə biləcəyimizlə bağlı razılığa gəldik və bu istiqamətdə fəaliyyətə başladıq. Bir tərəfdən gənclərimizin, qadınlarımızın partiyalararası əməkdaşlıqda rolunu daha da artırmaq istiqamətində işlər görür, digər tərəfdən isə iş adamlarımızı bir araya gətirmək üçün çalışırıq.

Bir müddət əvvəl Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarla birlikdə Bakını ziyarət etdik, iş adamlarını bir araya gətirdik. İstəyirik ki, biznes nümayəndələri bir-biri ilə daha sıx əlaqədə olsun, daha güclü əməkdaşlıqlara imza atsınlar. Şimali Kipr Türk Cümhuriyyətində yaşayan insanlarımız illərlə beynəlxalq aləmdə təzyiqlərə və haqsızlıqlara məruz qalıblar. Eyni zamanda, gördük ki, azərbaycanlı qardaşlarımız da uzun illər işğaldan əziyyət çəkiblər. Amma onlar göstərdikləri mübarizə ilə Qarabağı və Şuşanı yenidən Azərbaycana qaytardılar. Biz də eyni hissləri və düşüncələri yaşadıq. Bu səbəbdən deyirik ki, bizim keçmişimiz birdir, gələcəyimiz də bir olacaq. Xüsusilə Türk dünyasında mühüm mövqeyə malik Azərbaycanın bizə verdiyi dəstəklə Şimali Kipr Türk Cümhuriyyəti TDT-yə müşahidəçi üzv oldu.

İndi isə istəyimiz odur ki, müşahidəçi üzv kimi Şimali Kiprin Türk dünyasındakı təsirini və fəallığını daha da artıraq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev bu istiqamətdə bizə böyük dəstək verirlər. İnanıram ki, bir müddətdən sonra Şimali Kipr Türk Cümhuriyyəti daimi üzv kimi Türk Dövlətləri Təşkilatında yerini tutacaq.

-Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hakim partiya rəhbərlərinin Şuşada keçiriləcək tədbirində Şimali Kipr Türk Cümhuriyyətinin iştirakını necə dəyərləndirirsiniz? Bu il aprelin 9-da Prezident İlham Əliyev deyib: “Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynadı. Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olundu və orada iştirak etdi. Şimali Kiprin bayrağı da orada dalğalanırdı”.

-Bəli, bu günlərdə keçiriləcək partiyalararası Zirvə toplantısında Şimali Kiprin bayrağı yenə də Şuşada dalğalanacaq. Bütün bunlara görə, ilk növbədə, Azərbaycan Prezidentinə borcluyuq. Buna görə bir daha Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.

Biz bu Zirvə görüşünə hazırlıqlı şəkildə qatılırıq. Çünki bir qədər əvvəl də qeyd etdiyim kimi, Yeni Azərbaycan Partiyası ilə aramızda protokol imzalanıb. Eyni zamanda, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ilə də əməkdaşlıq protokolu imzalamışıq. Məqsədimiz bundan sonra Türk Dövlətləri Təşkilatında yer alan digər ölkələrin partiyaları ilə də bu cür əməkdaşlıq sənədləri imzalamaq və bu işbirliyi nəticəsində aramızdakı bağları daha da gücləndirməkdir. Yəni, həm təhsil, həm turizm, həm də iqtisadiyyat və digər sahələrdəki əməkdaşlığımızı bu cür görüşlər vasitəsilə möhkəmləndirə bilərik. Buna görə bu toplantı bizim üçün həyati əhəmiyyət daşıyır, çox önəmlidir. Bu Zirvə görüşü çərçivəsində çıxışlarımızla digər iştirakçı ölkələrin nümayəndələrini də Şimali Kipr Türk Cümhuriyyətinə dəvət edəcəyik. Çünki bizim ölkəmiz – Şimali Kipr Türk Cümhuriyyəti – Ağ dənizdə strateji əhəmiyyətə malik bir adadır, oranın parlayan turizm ulduzudur. Bu səbəbdən istəyirik ki, həmin ölkələrin nümayəndələri gəlib Şimali Kipri əyani şəkildə görsünlər. Partiyalararası əməkdaşlığı bu səkkiz dövlət arasında davamlı şəkildə ən yüksək səviyyəyə çatdırmaq niyyətindəyik.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

-Şimali Kiprin Azərbaycan və qardaş Türkiyə ilə siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrini necə qiymətləndirirsiniz?

-Bizim tarixdən gələn ortaq keçmişimiz və yaşadığımız ortaq acılar var. Tarixə baxdıqda görürük ki, biz eyni taleyi yaşamış xalqların övladlarıyıq. Ona görə də deyirik ki, biz qardaşıq. Tarixin çətinliklərini birlikdə yaşadıq, eyni duyğuları hiss etdik və eyni mübarizələri apardıq. Azərbaycanlı qardaşlarımızla və vətənimiz Türkiyə ilə hər zaman, hər yerdə söyləyirik ki, biz bir millət, üç dövlətin övladları olaraq ölkələrimizi daha da inkişaf etdirmək, irəli aparmaq üçün hər cür əməkdaşlığa hazırıq, bu istiqamətdə fəaliyyət göstəririk. Bu, bizim üçün çox önəmlidir. Ona görə də hər dəfə Azərbaycana gəldiyimizdə özümüzü doğma evimizdəki kimi hiss edirik.

-2023-cü ilin noyabrında Azərbaycanın, Türkiyənin və Şimali Kiprin hakim partiyaları arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumda əksini tapan məsələlərlə bağlı əməkdaşlıq səviyyəsi barədə nə deyə bilərsiniz?

-Görülməsi nəzərdə tutulan işlər çərçivəsində biz o dövrdən etibarən həyata keçirdiyimiz əməkdaşlıqlarla partiyalararası əlaqələri bir tərəfdən iqtisadiyyat, digər tərəfdən təhsil və turizm sahələrində ən yüksək səviyyəyə çatdırmaq üçün fəaliyyətə başladıq. Digər tərəfdən isə siyasi partiyalar arasında əməkdaşlığın təməlini qoyduq.

Memorandum imzalandıqdan sonra ilk addım olaraq gənclərimizi bir-biri ilə tanış etmək üçün təxminən bir ay əvvəl Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatını və AK Partinin Gənclər Qollarını Şimali Kipr Türk Cümhuriyyətində qonaq etdik. Orada biz onları öz təbiətimizlə, tariximizlə və mədəniyyətimizlə tanış etdik. Gənclərimizin öz aralarında keçirdikləri görüşlərdə əldə edilən nəticələrə əsasən qərara gəldik ki, hər iki-üç aydan bir bu görüşləri fərqli ölkələrdə davam etdirək - bəzən Türkiyədə, bəzən Azərbaycanda, Bakıda və ya digər şəhərlərdə, eləcə də Şimali Kiprdə. Bu görüşlər vasitəsilə onların daha sıx əməkdaşlıq etmələri, bir-birilərinə daha çox inteqrasiya olmaları və ortaq fəaliyyətlərə başlamaları üçün çalışırıq.

Əməkdaşlığımızı bu gün artıq siyasi partiyalar səviyyəsində həyata keçiririk. Eyni zamanda, iqtisadiyyat, turizm və digər sahələrdə də bu əlaqələri genişləndiririk. Bütün bu fəaliyyətləri cəmiyyətlərimizin bir-birinə daha çox yaxınlaşması, daha sıx əməkdaşlıq etməsi və hər sahədə birgə uğurlu işlər görməsi üçün edirik.

-Müsahibəyə görə təşəkkür edirik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
azertag.az

1Mənbələr