BAKI, 13 iyun. TELEQRAF
“İran İslam İnqilabı Keşikçiləri Korpusu bütün qüvvə və vasitələri ilə, eləcə də “Müqavimət Cəbhəsi” (proksi qüvvələr) bizə bildirilən uyğun məqamda İsrail və onun himayədarı ABŞ-yə qarşı addım atmağa hazırdır”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müavini, briqada generalı Əli Fədəvi deyibş
“İnqilab Keşikçiləri Korpusu və silahlı qüvvələrin bütün qüvvə və vasitələri müvafiq və təəssüf doğuracaq addımlar atmaq üçün hazırdır”, - general bildirib.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.
Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, ali dini rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.