AZ

15 iyun Azərbaycan dövlətçiliyinin xilas tarixidir




“15 iyun sıradan bir gün deyil. 15 iyun Azərbaycan dövlətçiliyinin xilas tarixi, Azərbaycanın parçalanması, onun yox olması təhıükəsindən qurtulması günüdür. Əgər 1993-cü il, iyunun 15-də Ümummilli Lider bu müqqəddəs missiyanı öz üzərinə götürüb yenidən siyasi hakimiyyətə qayıtmasaydı, o zaman sadaladığımız bütün mənfi tendensiyalar Azərbaycanda yaşanacaqdı”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, 1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı:

“Bu plan xaricdə, Azərbaycanın müstəqil dövlət kimi varlığını, onun inkişafını istəməyən ölkələr tərəfindən hazırlanmışdı. Sonrakı illərdə həmin cinayətkar dəstələr və onların rəhbərlərinin həbsdən çıxdıqdan sonra hansı ölkəyə sığındıqlarını müşahidə etdikdə dediklərimiz aydın şəkildə əksini tapır”.

Arzuman Muradlı deyib ki, 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdı:

“Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi. Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi. Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycan Xalqının Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi, 1997-ci ildən etibarən isə rəsmi bayram olaraq qeyd edilir”.

İctimai birlik sədri qeyd edib ki, Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışını istəməyən xarici qüvvələr sonrakı illərdə də Azərbaycan dövlətçiliyini təhdid altına alan hərəkətlərə rəvac verdi, dəstək nümayiş etdirdilər:

“Əlikram Hümbətovun ölkəni parçalamaq cəhdi, Rövşən Cavadovun hakimiyyət çevrilişi etmək cəhdi hamısı məhz xarici qüvvələrin Heydər Əliyev hakimiyyətini laxlatmaq məqsədi daşıyırdı. Ancaq dərin siyasi təcrübəyə malik, bütün situasiya və çətinlikləri dəf edən bilən Ulu Öndər bütün bu cəhdlərin qarşısını ala və Azərbaycanı inkişaf və tərəqqiyə doğru apara bildi”.

Süleyman
Seçilən
23
1
newscenter.az

2Mənbələr