İranın müdafiə naziri Əziz Nəsirzadə Vaşinqtonla münaqişə vəziyyətində Tehranın bölgədəki ABŞ bazalarına zərbələr endirəcəyini bildirmişdi. İranın bəyanatından sonra ABŞ-ın Bağdaddakı səfirliyini boşaltmağa hazırlaşdığına dair xəbər yayılıb.
Hafta.az-ın yazdığına görə, ABŞ prezidenti Donald Tramp deyib ki, sitat: nə olacağını görəcəyik. Çıxarma qərarı ilə bağlı heyətimizi məlumatlandırdıq.
Yaxın Şərq məsələləri üzrə ekspert Heydər Oruc bildirib ki, Tramp administrasiyasının aprel ayında gözlənilmədən İranla nüvə danışıqlarına başlaması, bu danışıqların razılaşma ilə nəticələnəcəyi gözlənilməsə də, ABŞ-ın yeni Yaxın Şərq siyasətində köklü dəyişiklik və transformasiya olacağına dair fikirlərə yol açdı.
“ABŞ-ın Yaxın Şərq siyasətini təyin edərkən bundan sonra İsraili mərkəzə qoymayacağı, əksinə, bölgədəki münaqişələrin sona çatacağı və Yaxın Şərqin sabitləşəcəyi, ABŞ-ın bölgədən asanlıqla çəkiləcəyi bir mühit yaradılacağı bildirildi. ABŞ-ın Suriya ilə bağlı yürütdüyü siyasət, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərlə qurduğu sıx əməkdaşlıq bu mövzuda bizə ümid verdi" deyən Oruc əlavə edib ki, lakin bütün bu proseslər zamanı belə İsrailin ilk növbədə ABŞ-la İran arasındakı danışıqları pozmağa çalışdığı görülüb.
“Çünki İsrail ABŞ-ın İranla danışıqlara getməsini istəmirdi. İsrail nəinki ABŞ-ın İranla müzakirələrə başlamasını istəmir, əlksinə, bu ölkənin bütün nüvə təsislərini məhv etməsini, hətta imkan olsa rejimi dəyişməsini arzulayır. Tramp kabinetindəki İsrail tərəfdarı olduğunu düşündüyü hər kəsi vəzifəsindən uzaqlaşdırsa da, əslində, İsrailin Amerikanı hörümçək toru kimi əhatə etdiyini hesaba almayıb. Hətta Netanyahu ilə radikal bir şəkildə mübarizə apara biləcək qədər asan sanmışdı məsələni. İsrail Tramp kabinetindəki indiki fikir ayrılıqları yaşandığı, Pentaqonun büdcəsinin azaldırması gündəmdə olan bir vaxtda İrana hücum variantını yenidən ABŞ administrasiyasının ağlına gətirə bilib” deyən ekspert qeyd edib ki, bunu edərkən bir tərəfdən ABŞ-ın dəstəyi olmadan İranın vurulacağı deyilir, digər tərəfdən də İrandan gələn səs-küylü cavablar istər-istəməz ABŞ-ı münaqişə xəttinə yaxınlaşdırıb. İranın danışıqlar çərçivəsində ABŞ-ın tələblərini qəbul etməyəcəyi artıq bəlli olduğu halda, Tramp administrasiyası “Tehran tələbləri qəbul etməzsə Masada sadəcə hərbi variantlar qalacaq” açıqlaması ortalığı daha da qarışdırıb.
“Əlbəttə, İran tərəfi də bəyan edib ki, İsrail İranın nüvə obyektlərini təkbaşına və ya ABŞ-la əməkdaşlıq edərək hədəfə alarsa, baş verə biləcəklərə görə ABŞ məsuliyyət daşıyacaq və Amerikanın Bağdaddakı səfirliyinin diplomatları ailələri ilə birlikdə buna cavab verəcək. Daha əvvəl ABŞ-ın ola biləcək hücumlara qarşı tədbir alması üçün bölgədəki əsgərlərini evakuasiya etməsi təbii olaraq İrana hücumun çox yaxın olduğu anlamına gəlir. Bütün bunlara baxmayaraq, ABŞ-ın hələ də İranı razı salmağa çalışdığı və bu hazırlıqların İrana nə qədər ciddi olduğunu göstərmək üçün edildiyi iddiaları irəli sürülür. Lakin İran tərəfi ABŞ-ın bu cür oyunlarına öyrəşdiyi üçün bu manevrlərdən təsirlənmir və Vaşinqtona qarşı təhdidlərini təkrarlamaqdan çəkinmir”, - Oruc deyib.
Ekspert qeyd edib ki, bu məqamda İsrailin bütün təzyiq və hiylələrinə baxmayaraq Trampın İranla birbaşa toqquşmaq istəmədiyi anlaşılır. Əvəzində o, İsraili qane edəcək şəkildə İranın nüvə silahına əl atmasının qarşısını alacaq razılaşmaya üstünlük verir. Ancaq həm İsrailin prosesləri zəhərləməsi, həm də İranın ABŞ-ın tələblərini suverenlik məsələsi kimi qəbul edərək onlara qarşı çıxması bu məsələdə dalana dirənib.
Sonda qeyd edilib ki, hazırkı taktiki mənzərəyə nəzər saldıqda, ABŞ-ın dəstəyi olmadan İsrailin İrana zərbə endirməsi mümkün görünsə də, İranın buna cavab verəcəyi təqdirdə ABŞ-ın prosesə qarışması qaçılmazdır. Ona görə də ABŞ həm İsrailin bu cür birtərəfli addımlar atmasının qarşısını almalı, həm də İranı təxribat xarakterli mesajlar verməyə məcbur edəcək mövqedə olmamalıdır.
“Əslində İranın bu məsələdə mövqeyinin öz rasionallığı var. Çünki İran ABŞ-la birbaşa toqquşmaq istəmir, eyni zamanda İsrailin təhdidlərinə boyun əyməkdə çətinlik çəkir. Lakin bu gərginliyin sonda münaqişəyə çevriləcəyi və tərəflərin öz kozırlarını paylaşacağı qaçılmaz görünür. Çünki nə İsrail, nə də İran indiki mövqelərindən geri çəkiləcək kimi görünmür. Ona görə də bu mübahisənin yeganə həlli ya yekun razılaşma, ya da qaynar münaqişə olacaq”, - ekspert bildirib.