AZ

Alim Qasımovun rep oxuması - kimlər nə dedi?

Tənqid edənlər də var, dəstək verənlər də...

Azərbaycan musiqisinin zirvəsində dayanan, muğam sənətimizin yaşayan əfsanəsi, xalq artisti Alim Qasımovun son günlər sosial şəbəkələrdə yayılan görüntüləri ciddi müzakirə mövzusuna çevrilib. Səbəb isə sənətkarın bir toy məclisində, gülərüz zarafatla rep tərzində etdiyi improvizasiya olub.

Görüntülərin yayılması ilə yanaşı, sosial şəbəkələrdə və bəzi media platformalarında Alim Qasımovun bu ifasına qarşı tənqidi münasibətlər də artmağa başladı. Bəzi şəxslər belə hesab etdilər ki, muğam kimi ağır və dərin bir sənətin ustadı olan şəxsə rep kimi yüngül və çağdaş bir janra toxunmaq yaraşmır. Onların fikrincə, bu sənətkarın öz musiqi kimliyinə “kölgə” salır və muğamın dəyərini aşağı salmaq kimi başa düşülə bilər.

Ancaq bu tənqidlərin əksinə olaraq, daha çox insan bu çıxışı sənətkarın özünəməxsus yumor hissi, janrlararası körpü yaratmaq istəyi və insanlara yaxın olmaq arzusu kimi dəyərləndirir.

Şair Şəhriyar Del Gerani xanəndənin rep oxumasını sərt tənqid edib: “Alim Qasımov toyda rep deyib. Yaxşı eləyib. Bizə bu da azdır. Sözüm onda yox. Adiliyin təntənəsini tapıb, yaşayır özü üçün. Alilikdə təntənə olmur onsuz da. Seyid cəddinə inanan kimi Alim müəllim də səsinə inandı, Allahın bəxş etdiyi istedadın üstünə bir qram bilgi, bir damcı intellekt qoymadı bu fani ölkədə. 90% muğam ifaçıları, misal, Alim müəllim də nə oxuduğunu sözün həqiqi mənasında bilmədi, bilmir. İndi Alim bəy də rep deyib, öz işidir. Amma könül istərdi belə sənətkarlar öz obrazlarına xələl gətirməsinlər. Rep də gözəldir, əladır. Amma yaxşı olardı repi Xose desin, Qaraqan, Uran, PRoMete, Xpert, Paster desin, Buzz, Rio, Saybu desin, Alim Qasımov yox...”

Yazıçı Şərif Ağayar isə məsələyə bu cür mövqe bildirib: “Alim rep demir, ortaq bir ritm tutub səhnəyə çıxır, onu göstərir və düşür. O, intonasiyanın, ahəngin, ritmin mahir ustadıdır. Dəlilik həddində bilir və duyur. Bu heç. İkinci, rep oxusa belə eyib deyil. Elton Con sahildə konsert verib, pianosunu yandırdı, indi deyək, yüngüllük edib? Nəhayətində Alim də bir sənət, bir şou adamıdır. Rep də deyə bilər, meyxana da, lap yanıltmac da. Məsələ bunda da deyil. Məsələ Azərbaycanın məşhur sənət adamlarının əksəriyyətinin mahiyyətcə "manıs" olmasındadır: ictimai mövqeləri yox, kitab oxumurlar, pul-parasını, ev-eşiyini, orden-medalını ver, qabağında “İnnabı” oynasın... Bunun Manafı da belədir, Alimi də, Nəriman Həsənzadəsi də... Onurğası yoxdur Azərbaycan sənətçisinin. Amorfdur. Hər qaba doldura bilərsən. Bax əsl dərd budur. Bu dərdin qarşısında Alimin rep deməsi bunun yanında elə rep deməkdir".

Müğənni Nura Suri isə  Alim Qasımovun rep deməyini tənqid edənlərə cavab verib: “Alim Qasımovun toydakı görüntüləri yayılıb. Cəmiyyətimiz də tökülüşüblər şərhlərdə ağızlarına gələni yazıblar. Elə bil oturub gözləyirlər ki, kimsə nəsə etsin, bunlar da klaviatura "qəhrəmanları" öz zəhərlərini töksünlər şərhlərə. Yaşlı insan əylənə bilməz? Zarafat edə bilməz? Elə bil ki, hamı hakimdir, həyat da məhkəmə. Qınanılası o qədər mühüm məsələlər var ki, onları görməzdən gəlməkdən bezmirsiniz, amma insanları əyləndiklərinə görə rahatlıqla təhqir edə bilirsiniz. Bir özünüzə də baxın, niyə bu qədər nifrəti içinizdə bəslədiyiniz səbəblərini də axtarın".

Xalq artisti Alim Qasımov isə “Qaynarinfo”ya açıqlamasında bu çıxışın zarafat olduğunu deyib: “Səhnəyə çıxanda kefimə düşdü, zarafat etdim. Bu zarafatı da camaat min yerə yozur, Allah işlərini avand eləsin. Amma hamı bilsin ki, bu, gülməli və söyüşlü bir çıxış deyil. Mənim ifalarım, sənətim qalıb bir yanda, zarafatyana bir rep demişəm, hamı düşüb onun ardınca. Özləri bilər, nə istəyirlər desinlər. Alqışlayanlara salam deyirəm, bu zarafatdır. Öz dostlarımla etdiyim zarafatı səhnədə etdim. Mən nə bilim çəkəcəklər? Bu öz dostumuzun toyudur. Zarafat etdim, ardınca da muğam oxudum. Onu yayanda bunu da yayın da. Bundan sonra daha çox zarafatlar hazırlayacağam”.

O, “Dünya şöhrətli xanəndə niyə repə baş qoşur, axı bu Alim Qasımov sənəti deyil” deyənlərə belə cavab verib: “Çünki selə düşmüşük. Sel bizim ayağımızı yerdən üzüb aparır. Bir də baxırıq ki, su üzərindəyik və gedirik. Palaza bürün, elnən sürün. Mən də sürünməyə hazırlaşıram”.

Xalq artisti Gülyanaq Məmmədova “Yeni Müsavat”a açıqlamasında mövzu ilə bağlı fikirlərini belə ifadə edib: “Alim Qasımov muğam sənətinin canlı əfsanəsidir. O, bir zarafat edə bilməzmi? Axı bu insan da bizim kimi insandır. Musiqinin istənilən janrında sınaq edə, özünü ifadə edə bilər. Hələ də anlaya bilmirəm ki, Alim Qasımovu bu qədər sərt tənqid etməyin səbəbi nədir? Halbuki tənqid olunmalı o qədər məsələ var ki... Axı Alim Qasımov sənətkardır - illərdir xalq üçün çalışan, muğamımıza, mədəniyyətimizə xidmət edən bir şəxs. Biz yaxşıları görmək və onları təqdir etməkdə çətinlik çəkirik. Adam bir dəfə zarafatla rep deyib, bir qədər fərqli janrda çıxış edib - bu, onu təhqir etməyə əsas verirmi?

Alim Qasımovun özü də, adı da, ifası da alimdir. Bu məsələnin bu qədər böyüdülməsi, sənətkarın belə haqsızlıqla üzləşməsi mənə, bir sənət adamı kimi, çox ağır təsir edir."

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Seçilən
16
musavat.com

1Mənbələr