AZ

Görkəmli kaman ifaçısı!

Tələt Bakıxanovun doğum günüdür

Bir çox sənətkarlar dünyalarını dəyişsələr də heç vaxt unudulmurlar. Azərbaycanın Əməkdar artisti, tanınmış kaman ustası, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının mahnı və rəqs ansamblının solisti olmuş Tələt Bakıxanov da belə sənətkarlardan biridir.

Bu gün böyük sənətkarın anadan olmasından 98 il ötür. Tələt Bakıxanov 13 iyun 1927-ci ildə Bakı şəhərində anadan olub. Musiqiçi kimi yetişməsində əmisi Əhməd Bakıxanovun böyük rolu olub.

1945-1947-ci illərdə teatr texnikumunu bitirib, 1947-1949-cu illərdə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində kamança ixtisası üzrə Hafiz Mirzəliyevdən və Firuz Əlizadədən dərs alıb. 1947-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının mahnı və rəqs ansamblının solisti olub.

Bir sıra xarici ölkələrdə, o cümlədən Fransa, İndoneziya, Malta, İran, Türkiyə, Suriya və s. qastrol səfərlərində olub, muğam üçlüyünün tərkibində görkəmli xanəndələri müşayiət edib. Azərbaycan muğamlarının, xüsusilə, “Segah” instrumental muğamının gözəl ifaçılarından biri kimi tanınıb.

Tələt Bakıxanov respublika və beynəlxalq əhəmiyyətli müsabiqələrin, simpoziumların iştirakçısı və qalibi olub. 1970-1980-ci illərdə Səmərqənddə keçirilən “Yaxın və Orta Şərq xalqları peşəkar musiqisinin ənənələri və müasirlik” mövzusunda birinci və ikinci beynəlxalq simpoziumlarının iştirakçısı olub, B.Mansurov, C.Əkbərov, A.Qasımov kimi sənətkarlarla birgə Azərbaycan muğam ifaçılığı sənətini təmsil edib. Tələt Bakıxanov 1988-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində çalışıb.

Görkəmli sənətkar 30 may 2000-ci ildə Bakı şəhərində vəfat edib.

Seçilən
23
3
yeniazerbaycan.com

4Mənbələr