Paytaxt Bakıda avtobus zolaqları yaradıldıqdan sonra, istər taksilərin, istərsə də minik avtomobillərinin yol kənarında sərnişin düşürməsi xeyli çətinləşmişdi.
Xüsusilə, dayanma-durma qaydalarının pozulmasına görə sürücülərin cərimələnməsi narazılıqlara səbəb olurdu. Bu problemin aradan qaldırılması məqsədilə avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri təhlükəsiz şəkildə mindirib-düşürməsi üçün xüsusi yerlər – cib tipli dayanacaqlar yaradılır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yaydığı məlumata görə, bu dayanacaqlar əsas cəlbetmə nöqtələrində, nəqliyyat vasitələrinin rahat manevr etməsi və sərnişin təhlükəsizliyi nəzərə alınmaqla təşkil edilir.
Məqsəd ictimai nəqliyyatın hərəkətinə mane olmadan, minik avtomobilləri üçün qısa müddətli dayanma imkanları yaratmaqdır.
Mövzu ilə bağlı Valyuta.az-a danışan nəqliyyat eksperti Yasin Mustafa bildirib ki, artıq bu istiqamətdə ilk addımlar atılıb.
Onun sözlərinə görə, paytaxtın bir sıra ərazilərində belə cib tipli dayanma yerləri təşkil olunub:
“Məsələn, Gənclik metrosunun yaxınlığında, Gənclik Mall-un qarşısında bu cür dayanma ciblərindən biri istifadəyə verilib. Bu yerlərdə bir neçə maşın eyni anda dayanaraq sərnişinləri düşürüb-mindirə bilir. Bu konsepsiya hələ yenidir, amma düşünürəm ki, sonda faydasını göstərəcək”.
“Bu yenilik nəqliyyatın axıcılığına necə təsir göstərə bilər?” sualına cavab olaraq ekspert bildirib ki, nəqliyyat sahəsində müşahidələr göstərir ki, ictimai nəqliyyat üçün ayrılmış zolaqların əsas məqsədi avtobusların hərəkət sürətini və sərnişin daşıma səmərəliliyini artırmaqdır:
“Əgər yeni yaradılan dayanma cibləri bu məqsədə zidd olmazsa, əksinə, nəqliyyatın ümumi axıcılığına müsbət təsir göstərə bilər. Bu layihə şəhərin müxtəlif nöqtələrində sistemli şəkildə tətbiq edilərsə və sərnişinlər, eləcə də sürücülər tərəfindən düzgün istifadə olunarsa, bu, paytaxtın nəqliyyat sistemində yeni mərhələnin başlanğıcı ola bilər”.
Günay