Moskva Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti ilə bağlı Bakının haqlı narahatlığından xəbərdardır. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. O qeyd edib ki, həmin missiyanın əməkdaşları qonşu ölkələr barədə məlumat toplayır, lakin bu barədə İrəvana hesabat təqdim etmir və bölgədə vəziyyətin sabitləşməsinə heç bir töhfə vermirlər.
Brifinq zamanı erməni jurnalist tərəfindən Qarabağda azərbaycanlıların guya İkinci Dünya müharibəsi qəhrəmanlarına həsr olunmuş abidələri yenidən sökməsi ilə bağlı məsələ gündəmə gətirilib. Mariya Zaxarova bildirib ki, bu sualın hansı kontekstdə və hansı məqsədlə verildiyini yaxşı anlayır. Rusiya XİN rəsmisi əlavə edib ki, bu kimi ittihamlar daim eyni mənbələrdən gəlir və artıq mümkün olan bütün hədləri aşır. “Xahiş edirəm, belə etməyin. Biz sizinlə çox yaxşı bilirik ki, niyə və hansı kontekstdə bu mövzunu qaldırırsınız”. Bununla yanaşı, o xatırladıb ki, erməni jurnalistlər və diaspor nümayəndələri digər ölkələrdə erməniəsilli sovet əsgərlərinə aid abidələrin dağıdılması və ya təhqir olunması hallarına indiyə qədər heç vaxt açıq şəkildə etiraz etməyiblər, baxmayaraq ki, belə hallar sənədləşdirilib. Zaxarova təəssüflə qeyd edib ki, müharibədə həlak olanların xatirəsinə münasibət selektiv xarakter daşıyır və bu mövzudan siyasi təzyiq aləti kimi istifadə olunur: “Eyni zamanda mən bir sual vermək istərdim: başqa ölkələrdə sökülən abidələr sizi maraqlandırmır? Bu barədə sizdən heç vaxt material görməmişəm, eşitməmişəm. Heç vaxt bizim, o cümlədən erməni əsilli sovet əsgərlərinin xatirəsinin müdafiəsinə kütləvi şəkildə dəstəyinizi görməmişəm. Biz həmişə onların xatirəsini qorumaq üçün hər şeyi edirik, onları təhqirdən qorumağa çalışırıq. Bəs niyə bu məsələlər sizdə heç vaxt sual vermək istəyi doğurmur? Bu mövzuda hansı birgə səylər mövcuddur? Görün, nələr baş verib. Bəs Ukraynada? Orada Qırmızı orduda erməni əsilli əsgərlər yox idi? O zaman cəsədlər ekshumasiya edilirdi, abidələr dağıdılırdı. Amma sizdən nə sual gördüm, nə də bu mövzuya maraq. Niyə belədir? Xahiş edirəm, belə etməyin. Biz çox gözəl başa düşürük ki, siz bu mövzunu niyə və hansı kontekstdə qaldırırsınız. Sizdən rica edirəm, bunu etməyin. Bu sualları mütəmadi şəkildə vermək artıq bir növ küfrə çevrilir. Əgər növbəti dəfə abidələr mövzusunda danışmaq istəsəniz, gəlin bir müsahibə edək, mən sizə hər şeyi danışım. Qızıl ordu nümayəndələrinin – sizin həmyerlilərinizin xatirəsi Avropa İttifaqı ölkələrində təhqir olunur. Haradadır sizin reaksiyanız? Haradadır bu abidələri müdafiə etmək istəyiniz? Onları yalnız bizim ölkə bütün mümkün yollarla qoruyur. Bu mövzu ümumiyyətlə sizin informasiya məkanınızda yoxdur. Bu, artıq həddi aşır, bu artıq təhqir səviyyəsindədir. Niyə, o cümlədən erməni döyüşçülərinə aid olan abidələrin sökülməsi sizin ölkənizdə ictimai maraq doğurmur?”. Bütün bunlar Ermənistanda yeni narazılıq və təşvişə səbəb olub. Məsələ ilə bağlı “armenianreport” portalı yazır: “Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə adi bir sualı qədim yunan mifologiyası miqyasında dastana çevirərək diplomatik akrobatikanın möcüzələrini növbəti dəfə nümayiş etdirib. Azərbaycanın Qarabağda Böyük Vətən müharibəsinə həsr olunmuş abidələri “dağıtması” məsələsində o, həqiqətən də isterik olub. Xanım Zaxarova nəinki məsələni etiraf etməyib, həm də özünü Avgiya tövlələrini təmizləyən Herakl kimi təqdim etməyə çalışıb. Görünür, Zaxarova səmimi qəlbdən inanır ki, bütün planet Sovet irsini, o cümlədən Qırmızı Ordu sıralarında döyüşən ermənilərin xatirəsini təkbaşına müdafiə etdiyinə görə Rusiyaya minnətdar olmalıdır.
Öz missiyası ilə bağlı belə yüksək bir fikrə, hətta bir "əmma" olmasa da, hörmət edilə bilər. Bəli, Ukraynada sovet dövründən qalma abidələr sökülür. Amma ən azı Ukrayna iddia etmir ki, “qardaş xalq” nəzarətində olan ərazilərdə erməni irsini sistematik şəkildə məhv etməklə yanaşı, sizin mədəniyyətinizi qoruyub saxlamaqda davam edir. Paradoksal vəziyyətdir: Mariya Vladimirovna Avropa torpaqlarında ermənilərin xatirəsini müdafiə edir, lakin bu xatirənin Rusiyanın müttəfiqlərinin əli ilə məhv edildiyini belə etiraf etməkdən imtina edir. “Niyə başqa ölkələrdəki abidələrlə maraqlanmırsınız?” o soruşur. Həmin o vətən uğrunda vuruşmuş baba və ulu babalarımızın xatirəsinə ucaldılanlar, adından indi də “SSRİ” səsi eşidilir. Məsələ seçmə yaddaşda deyil, Rusiyanın geosiyasi üstünlüklərindən asılı olaraq istifadə etdiyi seçmə humanizmdədir. Bunlar görməmək mümkün olmayan reallıqlardır. Hər halda, biz artıq razılaşmışıq ki, Zaxarovanın simasında Rusiya Xarici İşlər Nazirliyi Heraklı tapıb. Müvafiq olaraq, əgər Zaxarova Herakldırsa, o zaman bəlkə də unutmamalıdır ki, Herakl qəhrəman olsa da, iradəsini yerinə yetirərək öz kralı Yevrisfeyə xidmət etdi. Və burada oxşarlıq qorxulu dərəcədə dəqiqdir: siyasi “təmizlik” tamaşaya çevrildikdə, bəzi kir yığınları diqqətlə nəzərdən qaçırılır, digərləri isə televiziya kameraları qarşısında təntənəli şəkildə təmizlənir. Ancaq yenə də dramatik yanaşmasına görə Zaxarovaya hörmət və təriflər düşür. Siyasi karlıq və əxlaqi nisbilik fonunda o, heç olmasa, qayğıkeş insan kimi görünməyə çalışır. Bəlkə də bu onun diplomatik Heraklının əsas faciəsidir. Ancaq burada onu da etiraf etməliyik ki, Rusiyanın özü çoxdan Avgiya tövləsinə çevrilib. Yəni orada çoxlu kir və üfunət var. Və burada Herakl və ya Mariya Zaxarovanın heç bir səyi bunların hamısını yumaq üçün kifayət etməyəcək. Üstəlik, təkcə Kreml sakinləri deyil, həm də bu qanlı imperiyanın bütün cinayətlərinə sevinclə razılıq verən Rusiya vətəndaşları özlərini yumağa ehtiyac duyacaqlar. İndi o, Ukraynanı bitirir, paytaxtına və digər şəhərlərinə hər gün raket və dron zərbələri endirir. Sonra, Almaniya kəşfiyyatının yazdığı kimi, Rusiya Baltikyanı ölkələrdən birinə hücum etməyi planlaşdırır. Və daha sonra Rusiya NATO ilə döyüşməyi planlaşdırır. Bu yolda öz ssenarilərini Qazaxıstanda və digər keçmiş sovet respublikalarında həyata keçirir. O, həm də Ermənistanda qanuni yolla seçilmiş demokratik hökuməti devirmək arzusundadır. Bu tapşırığın həyata keçirilməsi üçün ən müxtəlif ssenarilər artıq düşünülür və nəzərdən keçirilir. İndi bizim hamımızın qarşısında böyük vəzifə durur - Ermənistanı müdafiə etmək. Mariya Zaxarovanın Herakl kimi işlədiyi Rus Avgiya tövlələrinin bir hissəsi olmamaq üçün”.
Samirə SƏFƏROVA