AZ

"Disney" və "Universal"dan süni intellekt şirkətinə qarşı məhkəmə iddiası

ABŞ-ın "Disney" və "Universal" studiyaları müəllif hüquqlarının pozulması səbəbilə süni intellekt əsasında vizual təsvirlər yaradan "Midjourney" şirkətini məhkəməyə verib.

Valyuta.az CNN-ə istinadən xəbər verir ki, Kaliforniya ştatındakı federal məhkəməyə təqdim olunan iddia ərizəsində "Midjourney" şirkətinin "Disney" və "Universal" studiyalarına məxsus "Ulduz savaşları" və "Minionlar" da daxil olmaqla bir sıra məşhur filmlərin personajlarının vizual təsvirlərini icazəsiz şəkildə kopyaladığı iddia edilib.

İddia ərizəsində "Midjourney" "dibi olmayan plagiat çuxuru" kimi xarakterizə olunub və qeyd edilib: "Qanunsuz istifadə elə qanunsuz istifadədır: bir təsvirin və ya videonun süni intellekt və ya başqa bir texnologiya ilə yaradılması onu daha az qanunsuz etmir".

Ərizədə həmçinin qeyd olunub ki, "Disney" və "Universal" daha əvvəl "Midjourney" şirkətindən müəllif hüququ pozuntularını dayandırmasını və ya istifadəçilərin müəllif hüquqları ilə qorunan personajların təsvirlərini yaratmasının qarşısını alacaq texnologiyalar hazırlamasını tələb etsə də, şirkət bu tələblərə məhəl qoymayıb.

İddiada "Disney" və "Universal" müəllif hüququ pozulan hər bir əsər üçün 150 min ABŞ dollarına qədər təzminat və gələcəkdə süni intellekt alətinin oxşar pozuntulara yol verməməsi üçün tədbirlərin görülməsini tələb edir.

"Midjourney" şirkəti hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Şirkətin baş direktoru Devid Holz isə istifadəçilərlə keçirdiyi həftəlik görüş zamanı bu məsələ ilə bağlı verilən suala cavabında bildirib: "Davam edən hüquqi proseslər barədə danışa bilmərəm, çünki dünya hələ bu qədər rahat deyil, lakin inanıram ki, "Midjourney" uzun müddət fəaliyyət göstərəcək. Məncə, hamı bizim burada olmağımızı istəyir".

Süni intellekt şirkətlərinin əyləncə sektoruna daxil olmağa çalışdığı bir dövrdə açılan bu məhkəmə iddiası, "Disney" və "Universal" kimi böyük Hollivud studiyalarının süni intellekt texnologiyası hazırlayan bir şirkətə qarşı ilk müəllif hüququ iddiası kimi tarixə düşüb.

Paşa Məmmədli

Seçilən
34
valyuta.az

1Mənbələr