AZ

İndidən yalan vədlər?

Premyer Liqaya vəsiqə qazanan “İmişli” klubunda qeyri-müəyyənlik davam edir. Bölgə təmsilçisi elitaya vəsiqə qazansa da, hələ də peşəkarlıqdan uzaq bir mövqe sərgiləyir.

Klubun gələcək aqibəti barədə konkret nəsə bilinmir. Ən böyük problemlərdən olan infrasturktur məsələsi olduğu kimi yerində qalıb. Klub rəhbərliyi hər dəfə ev oyunlarını təmsil etdikləri İmişlidə keçirmək istədiklərini desələr də, stadionda heç bir iş aparılmır.

Dəfələrlə məsələyə toxunulub, mətbuatda bu problem qabardılıb. Buna rəğmən, heç bir irəliləyiş yoxdur. Stadionun klubun bazasında olmaması rəhbərliyin iş görməsinə əngəl törədir. 

Ancaq istənilən halda, bu problem daha öncədən də bəlli idi. Həll edilməsi üçün kifayət qədər zaman vardı. Çünki “İmişli”nin hədəfinin Premyer Liqa olduğu deyilirdi. Hələ klub rəsmiləri I Liqada çıxış edərkən hər dəfə mətbuata “Premyer Liqaya çıxsaq, İmişlidə oynayacağıq” deyirdilər. İndi isə başqa söz danışırlar. Belə çıxır ki, ictimaiyyəti aldadıblar? Rəhbərlik stadionun klubun bazasında olmadığını çox gözəl bilirdi. Bu problem elitaya gəlməzdən öncə həll edilməli idi. 

İndi də İmişlidəki stadionun durum acınacaqlı vəziyyətdədir. Arenanın ot örtüyü pis gündə, paltardəyişmə otaqları bərbad durumdadır. Hətta stadionun ayaqyolusu belə yox səviyyəsindədir. 

Belə bir durumda Premyer Liqaya yüksəlmək, elitada mübarizə aparmaq kimə lazımdır? Bu qədər problem azmış kimi, komandaya əcnəbi mütəxəssis gətirilir. Üstəlik, PRO kateqoriyası belə olmayan portuqaliyalı birini.

“İmişli” rəhbərliyi başa düşməlidir ki, dövlətdən klublara ayrılan məbləğ istənilən kimi xərcləmək üçün deyil. Bu vəsait futbolun inkişafı üçün nəzərdə tutulub. Stadionu, bazası hətta düzgün-əməlli meydançası belə olmayan bölgə klubu hansı gününə əcnəbi məşqçi sevdasına düşüb? 

İdmanxeber.az

Seçilən
19
idmanxeber.az

1Mənbələr