AZ

Roland Prays: “Dünya Bankı Bakı limanının genişləndirilməsinə investisiyalarla bağlı danışıqlar aparır”

Hazırda Dünya Bankı Azərbaycanla gələcəkdə investisiya qoyuluşunun mümkün olduğu istiqamətlərdən biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi və modernləşdirilməsi məsələsini müzakirə edir.

Bunu “Report”a müsahibəsində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays bildirib.

Onun sözlərinə görə, Dünya Bankı Çini və Avropanı Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə vasitəsilə birləşdirən strateji marşrut olan Orta Dəhlizin inkişafında fəal iştirak edir.

“Biz bu yol boyunca yerləşən bütün ölkələrlə əməkdaşlıq edir, investisiyalar, analitik dəstək və islahatlarla bağlı məsləhət xidmətləri təqdim edirik. Biz bu yaxınlarda Orta Dəhlizin potensialına həsr olunmuş geniş araşdırmanı başa çatdırdıq. Araşdırmanın nəticələrinə əsasən, infrastruktura investisiya qoyuluşu və əməliyyat səmərəliliyinin artırılması sayəsində 2030-cu ilə qədər marşrut boyunca yüklərin çatdırılma müddəti iki dəfə azala və ticarət həcmi üç dəfə arta bilər”, - regional direktor qeyd edib.

Azərbaycana gəlincə, R.Prays bildirib ki, Dünya Bankı artıq avtomobil və dəmir yolu infrastrukturunun modernləşdirilməsi üzrə bir sıra iri layihələr həyata keçirib.

“Hazırda bu obyektlər dəhlizin Azərbaycan hissəsində nəqliyyat axınlarının təmin edilməsində aparıcı rol oynayır. Biz bu məhsuldar əməkdaşlığı davam etdirmək niyyətindəyik. Bakı limanının genişləndirilməsi və modernləşdirilməsi ilə bağlı müzakirələr haqqında daha ətraflı məlumat hazır olan kimi ictimaiyyətə təqdim ediləcək", - o əlavə edib.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq mümkündür.

Seçilən
16
report.az

1Mənbələr