Bu fikirləri Olaylar.qa-a açıqlamasında politoloq Sultan Zahidov Paşinyan-kilsə gərginliyinə münasibət bildirərkən deyib:
"Sözsüz ki, bu konfliktə uzun zamandır davam edən siyasi kilsə konfliktinin tərkib hissəsi kimi baxmalıyıq. Hələ əvvəldən Paşinyanın hakimiyyətə gəlməsini dəstəkləməyən 2-ci Qaregin hər fürsətdə Paşinyanın legitimliyini sual altına almağa çalışmış, onu tənqid etmişdi. Öz növbəsində Paşinyan hakimiyyəti və onun ətrafındakı rəsmilər kilsəyə qarşı tənqidi çıxışlar etmişdilər. Burada Paşinyanın istədiyi nədir? Paşinyan çalışır ki, kilsəni maksimum qədər zərərsizləşdirsin, kilsəni onun yolunda əngəl olmaqdan çıxartsın. Bu gün Ermənistanda kilsə böyük nüfuza malikdir. Kilsəyə Ermənistanda insanlar gedirlər, ona ehtiram edirlər. Eyni zamanda indiki kilsə rəhbərliyinə keçmiş Sarkisyan-Koçaryan hakimiyyətinin son qalığı kimi baxıla bilər. Çünki 2-ci Qaregin onlarla çox yaxın olan bir şəxsdir, xüsusilə də Koçaryanla çox yaxınlığı var Ona görə də Paşinyan bu təhlükədən qurtarmaq üçün kilsə rəhbərliyini və Qaregini hədəfə alır. Bilirsiniz, hətta 2-ci Qaregin 1999-cu ildə seçiləndə onun seçilməsi müəmmalı şərtlərdə baş vermişdi. O zaman həmin gün parlamentdə silahlı hücum həyata keçirilmiş və Koçaryanın iki əsas rəqibi Karen Dəmirçyan və Baş nazir Vazgen Sarkisyan qətlə yetirilmiş və daha sonra Koçaryan hakimiyyətini möhkəmləndirmişdi. 2-ci Qareginin də kilsəyə başçı seçilməsi onun hakimiyyətini daha da mökəmləndirdi.Yeri gəlmişkən, hər ikisi Rusiyanın dəstəklədiyi şəxslər idi. Bu gün Ermənistan kilsəsinin rəhbəri 2-ci Qareginin qardaşı Yerzas Nersissyan erməni katolik kilsəsinin Rusiya yeparxiyasının rəhbəridir. Rusiyada onun böyük biznesi var. Yəni,aydın məsələdir ki, kilsənin addımları Ermənistan müxalifəti, diasporası və Rusiya tərəfindən dəstəklənir. Məqsəd də Paşinyanın legitimliyini zərbə altına almaq, siyasi çəkisini azaltmaq və xalq arasında onu gözdən salmaqdır. Bir ildən sonra da seçkilər gəlir, 2026-cı ilin 7 iyununda. Paşinyan da sözsüz ki, bunu başa düşdüyünə görə qarşı həmlələr həyata keçirməyə çalışır. İlk növbədə kilsənin gücünü, dövlətin ora müdaxilə edə bilməməyini aradan qaldırmağa çalışır. Yəni, dövlətin kilsədaxili proseslərdə daha fəal olmasını təmin etməyə çalışır. Hətta təklif də irəli sürdü ki, karizmasiya şurası yaradılsın Erməni Katolik kilsəsində növbəti seçkilərin təşkilatçılığı ilə bağlı. Eyni zamanda da kilsənin siyasi proseslərə müdaxiləsini tormozlamaq istəyirlər. Ona görə də bu addımları atır. Yeri gəlmişkən parlamentin spikeri Alen Simonyan da kilsə rəhbərliyinə qarşı mənfi bəyanatlar səsləndirdi. Yenə də Koçaryan və Sarkisyanın adını çəkdi, kilsənin hər ikisi ilə yaxınlığını qeyd etdi. Və Koçaryan-Sarkisyanın artıq siyasətin dinozavrlar olduğunu, yəni köhnə dövrdə qaldığını, artıq onların vaxtının bitdiyini qeyd etdi. Yəni, bu bəyanat bir daha onu göstərir ki, Paşinyan kilsənin indiki rəhbəri 2-ci Qareginə də Koçaryanın və Rusiyanın adamı kimi baxır və Ermənistandakı siyasi proseslərdə onların aktiv şəkildə iştirakını, hətta keçən illəri Paşinyana qarşı Baqrat Qalstanyanın başçılığı ilə hərəkat başlatdıqlarını nəzərə alaraq onları zəiflətməyə və bu yolla da siyasətdə, mən deyərdim ki, Paşinyanın önündə əsas əngəllərdən biri olan kilsə rəhbərliyini neytrallaşdırmağa çalışır.
İbrahim Məmmədli