"Ukrayna ilə danışıqlar dayanıb, Rusiya isə rekord sayda canlı qüvvə və texnika itirir..."
ABŞ prezidenti Donald Tramp hesab edir ki, Ukraynada baş verən böyük itkilər Rusiya prezidenti Vladimir Putinin artıq vecinə deyil.
Moderator.az xəbər verir ki, bu barədə Tramp "New York Post" nəşrinin jurnalisti Miranda Devaynla müsahibəsində danışıb. Məlumatı "24tv.ua" nəşri yayıb.
Müsahibə zamanı jurnalist ABŞ-ın Rusiya və Ukraynanı müharibəni dayandırmağa məcbur etmək üçün hansı "kozır"lara sahib olduğunu soruşduqda, Tramp Moskvada hər həftə təxminən 5 min hərbçinin itirildiyini bildirib.
Devayn isə bu rəqəmlərin Putini narahat etmədiyini vurğulayıb. Tramp əlavə edib ki, "bəlkə də, artıq ona fərq etməz. Mən düşünməyə başlamışam ki, o, itkilərə laqeyd yanaşır. Həm Rusiya, həm də Ukrayna çoxlu əsgər itirir. Görək, növbəti nə baş verəcək".
O, həmçinin qeyd edib ki, əvvəllər Rusiya və Ukrayna arasında sülh danışıqlarında müəyyən irəliləyiş olsa da, sonradan "bombalanmamalı yerlər bombalanıb" və bu, prosesi dalana salıb.
Milyonluq itkilər və dağılmış texnika: Rusiyanın ağır vəziyyəti
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, genişmiqyaslı işğal başlayandan bəri Rusiya tərəfinin ümumi döyüş itkiləri 1 milyon nəfəri keçib. 2022-ci il fevralın 24-dən 2025-ci ilə qədər Rusiya təxminən 1 000 340 canlı qüvvə- ölən və yaralanan əsgər itirib.
Bununla yanaşı, Rusiya ordusuna məxsus minlərlə texnika da sıradan çıxarılıb. Ukrayna tərəfinin məlumatına görə, indiyədək məhv edilən texnikaya aşağıdakılar daxildir:
- Tanklar: 10 933 ədəd
- Zirehli döyüş maşınları: 22 786 ədəd
- Artilleriya sistemləri: 29 063 ədəd
- Hava hücumundan müdafiə vasitələri: 1 184 ədəd
- Taktiki pilotsuz uçuş aparatları: 40 435 ədəd
- Avtomobil və yanacaq daşıyan nəqliyyat vasitələri: 51 715 ədəd
- Hərbi təyyarələr: 416 ədəd
- helikopterlər: 337 ədəd
- Gəmilər və katerlər: 28 ədəd
- Sualtı qayıq: 1 ədəd
- Qanadlı raketlər: 3 337 ədəd
- Yaylım atəş sistemləri: 1 413 ədəd
- Xüsusi təyinatlı texnika: 3 914 ədəd.
Baş Qərargahın hazırladığı videoçarxda vurğulanır ki, imperiya iddiaları Rusiya tarixində dəfələrlə fəlakətlə nəticələnib. Məsələn, Şimali müharibədə (1700-1721) 30 min, 1812-ci il Napoleon yürüşündə 200 min, Birinci Dünya müharibəsində isə 2 milyon rusiyalı həlak olub və imperiya çöküb.
Bu gün isə Ukraynaya qarşı başladılan müharibədə artıq 1 milyondan çox rus əsgəri ölüb və ya yaralanıb. Ukrayna tərəfi bildirir ki, düşmənin itkiləri sevinmək üçün səbəb deyil, lakin işğalçılar nə qədər az olsa, ərazilərin azad olunması bir o qədər tez baş verəcək.
Rusiyanın cavab tədbiri: strateji təyyarələr geri çəkilir
Ukrayna pilotsuz uçuş aparatlarının son hücumlarından sonra Rusiya özünün ən dəyərli hərbi təyyarələrini cəbhə xəttindən uzaqlaşdırmağa məcbur olub. "The Telegraph" nəşrinin yazdığına görə, iki strateji Tu-160 bombardmançı təyyarə Ukraynadan 6437 kilometr uzaqda yerləşən "Anadır" adlı hərbi bazaya göndərilib.
Bu baza Rusiyanın Uzaq Şərqində, insan yaşamayan Çukotka yarımadasında yerləşir və yalnız hava və dəniz yolu ilə çatmaq mümkündür. Ərazi vaxtilə Sovetlər dövründə ABŞ-dan mümkün hava hücumlarına qarşı müdafiə məqsədilə tikilib və hazırda yenidən aktivləşdirilib. Bu addım Rusiya rəhbərliyinin öz strateji aviasiyasını qorumaq üçün getdikcə daha çox çarəsiz tədbirlərə əl atdığını göstərir.