Dayanıqlı və şaxələndirilmiş iqtisadiyyat qurmaq üçün davam edən səylər şəraitində Azərbaycan beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı fəal şəkildə genişləndirir. Ölkənin əsas tərəfdaşlarından biri olan Dünya Bankı iqtisadi islahatlar, enerji keçidi, rəqəmsallaşma və nəqliyyat infrastrukturunun inkişafı sahələrində hərtərəfli dəstək göstərir. 2025-ci ilin əvvəlində yeni strateji sənəd - növbəti illər üçün birgə fəaliyyətin prioritetlərini müəyyən edən Ölkə Tərəfdaşlıq Çərçivəsi (Country Partnership Framework, CPF) təsdiq edilib.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays “Report”a müsahibəsində əməkdaşlığın yeni mərhələsinin əsas istiqamətləri, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, özəl sektorun inkişafı, "yaşıl enerji” və rəqəmsal texnologiyalar sahəsində mövcud çağırışlar və imkanlar barədə danışıb.
Müsahibəni oxucularımıza təqdim edirik:
- Dünya Bankı Azərbaycanda iqtisadi şaxələndirmənin mövcud vəziyyətini necə qiymətləndirir? Sizcə, bu istiqamətdə hansı mühüm addımlar atılmalıdır?
- Azərbaycan iqtisadiyyatı tarixən neft-qaz sektoruna yönəlib və bu, vacib amil olaraq qalır. Eyni zamanda, hökumətin karbohidrogenlərdən asılılığı azaltmaq və iqtisadi artım mənbələrini şaxələndirmək üçün məqsədyönlü addımlar atdığını görürük. Bu, Dünya Bankının təqdir etdiyi müsbət tendensiyadır.
Daha çox irəliləyişə nail olmaq üçün bir neçə prioritet istiqamətə diqqət yetirməyi tövsiyə edirik. Bu, ilk növbədə, insan kapitalına sərmayə qoyuluşudur. Uğurlu iqtisadiyyatlar ixtisaslı işçi qüvvəsinə əsaslanır və Azərbaycanın təhsilin keyfiyyətinin yaxşılaşdırılması və peşə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində səyləri davam etdirməsi vacibdir.
İkinci istiqamət investisiya mühitinin yaxşılaşdırılmasıdır. Bu, tənzimləyici mühitdə islahatların aparılması, şəffaflığın artırılması və biznes fəaliyyəti ilə bağlı maneələrin aradan qaldırılması deməkdir.
Üçüncü istiqamət iqtisadiyyatın qeyri-xammal sektorlarının, xüsusilə aqrar-sənaye kompleksinin inkişafıdır. Burada maliyyələşdirməyə çıxış imkanlarının genişləndirilməsi, dəyər zəncirlərinin dəstəklənməsi və infrastrukturun modernləşdirilməsi vacibdir.
Nəhayət, özəl sektorun aktivləşdirilməsi və onun inkişafı üçün şəraitin yaradılması ölkəyə yeni bazarlarda və texnoloji dəyişikliklər şəraitində meydana çıxan imkanlardan yararlanmağa kömək edəcək. Bu istiqamətlərə diqqət yetirməklə Azərbaycan daha dayanıqlı, rəqabətqabiliyyətli və şaxələndirilmiş iqtisadiyyat qura bilər.
- Azərbaycanda işgüzar mühitin yaxşılaşdırılması üçün hansı islahatlara ehtiyac var və Dünya Bankı onların həyata keçirilməsinə necə kömək edəcək?
- Daha əlverişli biznes mühitinin yaradılması üçün siyasi və institusional islahatları, eləcə də strateji investisiyaları əhatə edən kompleks yanaşma tələb olunur. Dünya Bankı bu prosesləri həm texniki yardım, həm də maliyyələşdirmə vasitəsilə dəstəkləməyə hazırdır.
Xüsusilə rəqabətin gücləndirilməsinə və mülkiyyət hüquqlarının qorunmasına kömək edən siyasətin tətbiqi vacibdir. Həmçinin kredit çatışmazlığının azaldılması və innovativ maliyyə alətlərinin inkişafı vasitəsilə mikro, kiçik və orta müəssisələrin maliyyəyə çıxışı yaxşılaşdırılmalıdır.
Bundan başqa, əsas infrastruktura - nəqliyyat, rəqəmsal və enerji infrastrukturuna investisiya qoyuluşu önəmlidir. Bu, özəl sektorun daha dinamik inkişafı və yeni investisiyaların cəlb edilməsi üçün zəmin yaradacaq.
Dünya Bankı həm maliyyə resursları, həm də beynəlxalq təcrübəyə əsaslanan ekspert bilikləri təqdim etməklə bu istiqamətlərdə dəstəyini davam etdirəcək.
- Astana Beynəlxalq Forumunun kuluarlarında Dünya Bankının Orta Dəhlizin inkişafına investisiya qoymaq niyyətində olduğu bildirildi. Bu nəqliyyat marşrutu çərçivəsində Azərbaycanda konkret olaraq hansı layihələrin dəstəklənməsi planlaşdırılır?
- Dünya Bankı Çini və Avropanı Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə vasitəsilə birləşdirən strateji marşrut olan Orta Dəhlizin inkişafında fəal iştirak edir. Biz bu yol boyunca yerləşən bütün ölkələrlə əməkdaşlıq edir, investisiyalar, analitik dəstək və islahatlarla bağlı məsləhət xidmətləri təqdim edirik.
Biz bu yaxınlarda Orta Dəhlizin potensialına həsr olunmuş geniş araşdırmanı başa çatdırdıq. Araşdırmanın nəticələrinə əsasən, infrastruktura investisiya qoyuluşu və əməliyyat səmərəliliyinin artırılması sayəsində 2030-cu ilə qədər marşrut boyunca yüklərin çatdırılma müddəti iki dəfə azala və ticarət həcmi üç dəfə arta bilər.
Azərbaycana gəlincə, Dünya Bankı artıq avtomobil və dəmir yolu infrastrukturunun modernləşdirilməsi üzrə bir sıra iri layihələr həyata keçirib. Hazırda bu obyektlər dəhlizin Azərbaycan hissəsində nəqliyyat axınlarının təmin edilməsində aparıcı rol oynayır.
Biz bu məhsuldar əməkdaşlığı davam etdirmək niyyətindəyik. Gələcək investisiyaların mümkün istiqamətlərindən biri Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi və modernləşdirilməsidir. Hazırda tərəfdaşlarımızla müzakirə mərhələsindəyik və ictimaiyyətə bununla bağlı daha ətraflı məlumat təqdim ediləcək.
- Dünya Bankı Azərbaycanın rəqəmsal potensialını necə qiymətləndirir? Süni intellektin və digər qabaqcıl texnologiyaların sürətli tətbiqi üçün hansı addımların atılması planlaşdırılır?
- Biz Azərbaycanın həm infrastruktur, həm də normativ mühitlə bağlı rəqəmsal transformasiya sahəsində səylərini müsbət qiymətləndiririk. Dünya Bankı bu istiqamətlərdə dəstək göstərir. Bura Avropa İttifaqının qismən maliyyələşdirdiyi və milli rəqəmsal inkişaf strategiyasının hazırlanmasına töhfə verən texniki yardım da daxildir.
Biz həmçinin Azərbaycanın kənd yerlərinin rəqəmsal ehtiyaclarının hərtərəfli qiymətləndirilməsini aparmışıq. Sənəd həm mövcud çağırışları, həm də ucqar icmalarda rəqəmsal xidmətlərə çıxışın genişləndirilməsi perspektivlərini müəyyən edib.
Bundan əlavə, Dünya Bankı "Məhkəmə xidmətləri və intellektual infrastruktur" layihəsini maliyyələşdirib. Onun sayəsində elektron məhkəmə sistemi tətbiq edilib və əhaliyə və biznes subyektlərinə məhkəmə xidmətlərinin göstərilməsi səviyyəsi yaxşılaşdırılıb.
Süni intellektin və digər qabaqcıl texnologiyaların tətbiqinə gəlincə, son texniki yardım təşəbbüsləri çərçivəsində biz Beynəlxalq Maliyyə Korporasiyası ilə birlikdə bir sıra əsas istiqamətləri müəyyən etdik. Bu, ilk növbədə, süni intellektin istifadəsi üçün möhkəm bazanın yaradılması, rəqəmsal infrastrukturun inkişafı, özəl sektorun iştirakının stimullaşdırılması, habelə insan kapitalının inkişafıdır.
Bu sahələrdə aparılan kompleks işlər Azərbaycana davamlı və inklüziv iqtisadi artım üçün rəqəmsal texnologiyaların potensialını üzə çıxarmağa imkan verəcək.
- Dünya Bankı Azərbaycanda AZURE layihəsindən başqa, bərpa olunan enerji sahəsində daha hansı layihələri dəstəkləməyi planlaşdırır?
- 2025-ci ilin mart ayında Dünya Bankı Azərbaycanda bərpa olunan enerji sahəsində əsas təşəbbüslərdən biri olan AZURE layihəsini təsdiqləyib. Biz onun həyata keçirilməsi üçün 173,5 milyon ABŞ dolları məbləğində kredit ayırdıq. Layihənin əsas məqsədi bərpa olunan enerji mənbələrinin milli enerji sisteminə inteqrasiyasına kömək etmək və onun dayanıqlılığını artırmaqdır.
AZURE şəffaf və proqnozlaşdırıla bilən normativ və infrastruktur mühitini təmin edərək, bu sektora özəl investisiyaların cəlb edilməsi üçün zəmin yaradır. Bu, həm ölkə daxilində, həm də regional kontekstdə təmiz enerji istehsalının və ixracının genişləndirilməsini nəzərdə tutan "yaşıl enerji dəhlizi"nin yaradılması ilə bağlı dövlət təşəbbüsünün həyata keçirilməsi istiqamətində ilk addımdır.
Lakin bu hələ başlanğıcdır. Dünya Bankı dayanıqlı enerjini dəstəkləməyə yönəlmiş bir çox layihələri, o cümlədən şəbəkə infrastrukturunun inkişafına, enerjinin akkumulyasiyasına, transsərhəd güclərə və enerji səmərəliliyinin artırılmasına sərmayə qoyuluşunu nəzərdən keçirir. Biz həmçinin tarif siyasəti, istehsalın proqnozlaşdırılması və balanslaşdırma mexanizmləri də daxil olmaqla, bərpa olunan enerji mənbələrinin inkişafı üçün institusional əsasları gücləndirməyi planlaşdırırıq.
- Dünya Bankının Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin əsas prioritetləri nələrdir və o, əvvəlki strategiyalardan nə ilə fərqlənir?
- 2025-ci ilin yanvar ayında Dünya Bankının Direktorlar Şurası Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Çərçivəsini təsdiqləyib. Onun əsas məqsədi ölkənin daha rəqabətqabiliyyətli, ekoloji cəhətdən dayanıqlı və inklüziv iqtisadiyyata keçidini dəstəkləməkdir.
CPF çərçivəsində biz səylərimizi bir neçə əsas istiqamətə yönəldəcəyik. Bunların arasında məhsuldarlığın artırılması, iş yerlərinin yaradılması, o cümlədən özəl sektorun, kiçik və orta müəssisələrin inkişafı; fiskal sabitlik və ərzaq təhlükəsizliyi də daxil olmaqla, dayanıqlılığın gücləndirilməsi; "yaşıl keçid”in dəstəklənməsi, o cümlədən bərpa olunan enerji mənbələrinin inkişafı, dayanıqlı infrastruktur və iqlim dəyişikliyinə uyğunlaşma; insan kapitalına, xüsusilə təhsilə, bacarıqlara və rəqəmsal texnologiyalara sərmayə qoyuluşu; əsasən nəqliyyat, enerji və rəqəmsal rabitə sahələrində infrastrukturun inkişafı yer alır.
Yeni CPF-in əvvəlki strategiyalardan fərqi iqlim gündəmi, dekarbonizasiya və iqtisadiyyatın neft-qaz sektoru xaricində şaxələndirilməsinə diqqətin gücləndirilməsindədir. O, həmçinin Dünya Bankı Qrupunun strukturları - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi (MIGA) arasında sinerji vasitəsilə özəl sektorun daha fəal cəlb edilməsini nəzərdə tutur.
Biz sadəcə ayrı-ayrı layihələri dəstəkləməyə deyil, həm Azərbaycanın milli prioritetlərinə, həm də qlobal davamlı inkişaf gündəminə uyğun olan sistemli islahatlara və özəl kapitalın səfərbər edilməsinə şərait yaratmağa çalışırıq.
- Dünya Bankı Azərbaycanda hansı əsas iqtisadi çağırışları müşahidə edir və yeni CPF onlarla mübarizədə necə kömək edəcək?
- Hökumətlə sıx əməkdaşlıq şəraitində hazırlanmış Sistematik Ölkə Diaqnostikası və İqtisadi Memorandum (hər ikisi 2022-ci ildə dərc edilib), eləcə də İqlim və İnkişaf Hesabatı (2023-cü ildə) daxil olmaqla həyata keçirilən genişmiqyaslı analitik iş nəticəsində Dünya Bankı Azərbaycan iqtisadiyyatının qarşısında duran bir sıra çağırışları müəyyən edib.
Karbohidrogen sektorundan asılılığın davam etməsi, həmçinin dövlətin iqtisadiyyatda fəal iştirakı nəticəsində özəl sektorun və rəqabətin inkişafının məhdudlaşdırılması əsas çağırışlardır.
Yeni CPF daha rəqabətqabiliyyətli, dayanıqlı və inklüziv iqtisadiyyata keçidə kömək etməyə yönəlib. Bu strategiya çərçivəsində bank bərpa olunan enerji və dayanıqlı infrastruktura investisiyalar vasitəsilə iqtisadiyyatın şaxələndirilməsini dəstəkləyəcək; "yaşıl" və iqlimə dayanıqlı şəhərlərin yaradılmasına, su ehtiyatlarının yaxşılaşdırılmasına və davamlı iş yerlərinin yaradılmasına diqqət yetirməklə "ağıllı" kənd təsərrüfatının inkişafına kömək edəcək; dövlət müəssisələrinin səmərəliliyinin artırılması məqsədilə dövlət sektorunda islahatları təşviq edəcək; işgüzar mühiti inkişaf etdirəcək, maliyyə resurslarına çıxış imkanlarını yaxşılaşdıracaq və özəl sektorun inkişafını stimullaşdıracaq; Orta Dəhlizin infrastrukturunun dəstəklənməsi də daxil olmaqla, nəqliyyat bağlantısının inkişafına və rəqəmsallaşmaya kömək edəcək.
Beləliklə, CPF inkişafla bağlı struktur məhdudiyyətlərin aradan qaldırılmasına sistemli yanaşma təklif edir.
- Dünya Bankının yeni proqram çərçivəsində ayıracağı maliyyə vəsaitinin təxmini məbləği nə qədərdir? Hansı şərtlər təklif olunur, qrantlar və ya güzəştli kreditlərin ayrılması mümkündürmü?
- Yeni strategiya çərçivəsində formal maliyyələşdirmə limiti müəyyən edilməyib. Dəstəyin həcmi Azərbaycanın prioritetlərindən, həmçinin Dünya Bankı Qrupunun strukturları olan IBRD, IFC və MIGA vasitəsilə əlçatan alətlərdən istifadə etməyə hazırlıq dərəcəsindən asılı olacaq.
Azərbaycan gəliri orta səviyyədən yuxarı olan ölkə kimi təsnif edilir, buna görə də kredit şərtləri aşağı gəlirli ölkələr üçün nəzərdə tutulduğundan daha az güzəştli ola bilər. Lakin hətta bu halda belə bizim şərtlərimiz kommersiya bazarlarının təklifləri ilə müqayisədə daha əlverişlidir.
Vacib olan isə odur ki, maliyyələşdirmə investisiyaların yüksək səmərəliliyini təmin edən dərin analitik dəstək və texniki yardımla müşayiət olunur. Məhz resursları və biliyi birləşdirən bu kompleks yanaşma Dünya Bankı ilə əməkdaşlığı hökumət nümayəndələrinin də dəfələrlə vurğuladığı kimi, Azərbaycan üçün dəyərli edir.