AZ

Özbəkistanlı nazir: Tarix boyunca Azərbaycan ortaq dəyərləri bir araya gətirən körpü rolunu oynayıb

Bakı, 12 iyun, AZƏRTAC

Tarix boyunca Azərbaycan zəngin İpək Yolu üzərində yerləşməklə yalnız ticarət yollarını deyil, eyni zamanda, mədəniyyətləri və ortaq dəyərləri bir araya gətirən körpü rolunu oynayıb. Bu gün də qardaş Azərbaycan torpağında öz ənənələrimizin qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə birlikdə müzakirələr aparmağımız böyük əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bunu Özbəkistanın əmək və yoxsulluğun azaldılması naziri Rano Turdiboeva Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən nazirlərin görüşündə deyib.

O qeyd edib ki, qadınlar tarixən ailə ocağının təməlini formalaşdıran, onu qoruyan və gələcəyə daşıyan əsas sütunlardan biri olub. Müasir dövrdə isə qadınların rolu yalnız ailə ilə məhdudlaşmır, onlar cəmiyyətin hər bir sahəsində, xüsusilə idarəetmədə və ictimai həyatda fəal şəkildə təmsil olunurlar.

“Bu sahədə hüquqi baza mütləq şəkildə işlənib hazırlanmalı və praktik tətbiqi təmin edilməlidir. Özbəkistanda bu istiqamətdə artıq dövlət büdcəsindən vəsait ayrılıb, müvafiq komitələr yaradılıb. Bu strukturlar gender bərabərliyinin təmin olunması, qadınların hüquqlarının müdafiəsi və sosial rifahının artırılması üçün mühüm işlər həyata keçirirlər”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, qadınların təhsili və maarifləndirilməsi bu istiqamətdə ən güclü vasitələrdən biridir. Qadınların bilik və bacarıqlarının artırılması yalnız onların şəxsi inkişafına deyil, bütövlükdə cəmiyyətin tərəqqisinə xidmət edir.

Seçilən
4
1
azertag.az

2Mənbələr