Ötən əsrə boylananda orada onlarla həyatı əzablarla keçən insanlara, ailələrə rast gəlirik.
Halbuki əvvəllər kasıb da olsalar, hər tikəsini bölsələr də, xoşbəxt olub, bir-birinin dərdinə şərik yaşayıblar.
Nəcimə xanımın ailəsi də belə ailələrdən idi.
Cümhuriyyət illərinin Bakısında “Çadrovı” məhəlləsində 7 uşaqlı xoşbəxt ailə…
Bəs bu xoşbəxt ailənin başçısı kim idi?
Azərbaycan Cümhuriyyətinin parlament üzvü Murtuza Axundzadə.
Murtuza Axundzadənin xanımı Nəcimə Axundzadə
Kulis.az Murtuza Axundzadə haqqında materialı təqdim edir.
Murtuza Axundzadə 1877-ci ildə Quba qəzasında tacir ailəsində anadan olub. O, Qubada seçilən, fəallığı ilə diqqətçəkən ziyalılardan idi. Buna görə 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulanda Quba sakinləri onu parlament üzvlüyünə layiq bilmişdilər. Murtuza bəy "Müsavat" fraksiyasına daxil olmuş və parlamentin 96 üzvündən birinə çevrilmişdi. Bu zaman onun 41 yaşı vardı.
***
Quba məsələsi ilə bağlı parlamentdə 1919-cu il fevralın 5-dəki çıxışında bildirirdi:
"Qubada kasıb, dövlətli - hər kəsin ipək parçadan tikilmiş üçrəngli bayrağı var".
Sonrakı çıxışlarının birində isə deyir:
"Qubada gördüyüm mənzərədən ürəyim fərəhlə doldu. Bütün evlərin üstündə üçrəngli bayrağımız dalğalanırdı. Amma bunu Bakıda görmürəm".
***
Murtuza Axundzadə və xanımı Nəcimə Axundzadənin 9 övladı vardı: Məmmədağa, Ələkbər, Xanım, Mina, Ağaəli, Yusif, Dürsədəf (ikisi körpə ikən vəfat edib).
Ən kiçik oğlu Yusif Axundov həmin dövrləri belə xatırlayır:
"Atamı az-az görərdik. Gecə-gündüz işləyirdi. Qapıda bütün gün növbə ilə gözətçilər dayanırdı. 1920-ci ilin fevralında bizi Fətəli xan Xoyskinin vaqonunda Xaçmaza yola saldı. Atamın yanında böyük qardaşımla bacım qaldı. Novruz bayramında atam gəldi. Mənə bayram paltarı da almışdı. Bir gün qalıb qayıtdı. Bir daha atamı görmədim..."
Oğlu Yusif:
"Böyük qardaşım Məmmədağa deyirdi ki, atamın dostları onunla vaxtaşırı əlaqə saxlayır, onu Tükiyəyə keçirmək üçün dönə-dönə dilə tuturdular. Amma atam qəti etiraz edir. Deyir ki, mən qaçsam, ailəmi, uşaqlarımı incidəcəklər. Qoy məni tutsunlar, bəlkə, uşaqlarla işləri olmaz".
1918-ci ilin iyunun 15-də Murtuza bəy həbs olunur.
Qızı Mina:
"10 yaşındaydım. Buruq-buruq saçlarım vardı. Atamı aparmağa gələnlər saçlarımı sığalladılar, sonra birlikdə evdən çıxdılar. Sonuncu dəfə atamı onda gördüm".
***
Yusifin o vaxt 9 yaşı vardı. Hələ dünyanın acısını dadmamışdı. Qubada babası Hacı Şıxhəsənin yanında geniş, rahat mülklərində qalırdı. Amma gözü fayton yolundan yığılmaz, atasını gözləyərdi. Hacı Şıxhəsənin Qubada səkkiz gözlü, böyük ticarət mərkəzi vardı:
"Babam xeyirxah kişi idi. Tez-tez məsciddə ehsan verər, ziyarətə gedənlərə kömək edər, kasıblara əl tutardı. Xeyir-şər məclislərindən köməyini əsirgəməzdi. Aclıq, qıtlıq illərində babam "biz alverçi deyilik, tacirik, qəndi, çayı camaata həmişəki qiymətə satacağıq" deyərdi..."
Murtuza bəyi apardıqları gündən il yarım sonra Məmmədağaya deyirlər ki, fövqəladə komissiyanın qərarı ilə ataları 1920-ci ilin avqustun 21-də Nargin adasında güllələnib... Onda Murtuza bəyin cəmi 43 yaşı vardı.
***
1920-ci ilin aprelin 28-də Cümhuriyyət Parlamenti müəyyən şərtlərlə hökuməti bolşeviklərə verdi. Ancaq az sonra məlum oldu ki, onlar heç bir şərtə əməl etməyəcəklər. Artıq hakimiyyət tamam bolşeviklərin əlində idi. Belə olunca yeni hakimiyyət əvvəlki iqtidarın izlərini silməyə başlayır. Cümhuriyyətlə bağlı hər kəs ya yenidən qayıdıb nəyisə dəyişə bilmək üçün gizli yolla Türkiyəyə keçir, ya da Nargin adasında "xalq düşməni" damğası ilə güllələnərək Xəzərin sularına qərq olurdu.
1920-ci ildə Murtuza Axundov "xalq düşməni" kimi güllələnmiş və yalnız 72 il sonra bəraət almışdı.
Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Murtuza Axundzadəni Azərbaycanın istiqlal şəhidi adlandırıb.
***
1922-ci ildə Murtuza bəyin Bakıdakı mülkünü müsadirə edirlər, əmlakdan onun övladları heç nə ala bilmir..
Yusif bəy bu barədə deyir:
"Qardaşımla bacım Qubaya qayıtdı. Ailəmizin narahat günləri artdı... Elə həmin il daha bir zərbə aldıq. Babam Hacı Şıxhəsən rəhmətə getdi. Qubada Tuti Bikə küçəsindəki 13 nömrəli ev bizim mülkümüz idi. 1924-cü ildə onu da müsadirə etdilər. Əmlakı daşıyıb apardılar, bizi də evdən çıxardılar. Əynimizdəki paltardan başqa heç nə çatmadı bizə. Babamın evinə getdik, nənəmlə qaldıq. O zaman nənəmə atamın güllələndiyini hələ deməmişdik. Ölənədək oğlunun yolunu gözlədi".
Elə həmin il baba mülkünü də, ticarət evini də müsadirə etdilər. Doqquz nəfərlik ailəyə rahat yatmaq üçün yorğan-döşək də qoymadılar. Ancaq bununla da bitmədi. Qaldıqları ev də 1934-cü ildə yanıb kül oldu. Amma həyat davam edirdi.
***
Uşaqlar artıq böyümüşdülər və özlərini dolandıra bilirdilər. Böyük oğlu Məmmədağa ticarətlə məşğul olurdu. Yusifsə müxtəlif illərdə Qonaqkənd, Xaçmaz, Xızı və Bakıda müəllim, məktəb müdiri işləyib. SSRİ dağılandan sonra Yusif bəy atasının günahsız olduğunu təsdiqləyən sənəd almaq üçün döymədiyi qapı qalmayıb. Çox vaxt da bu cavabı eşidib: "Arxivdə atanız haqqında heç bir məlumat yoxdur!". Axır ki, köməyinə Səfər İbrahimov çatıb. Səfər İbrahimovun köməyi sayəsində 1992-ci ildə Murtuza Axundzadə bəraət alıb - 72 il sonra.
Mənbə: Aysel Babayeva - "Cümhuriyyət parlamentinin üzvü"