AZ

Tanınmışlar Alim Qasımovun rep ifa etməsindən danışdı – “Onun buna haqqı yoxdur…”

Bakıdakı şadlıq saraylarının birində baş tutan toy mərasimində görkəmli xanəndə Alim Qasımovun səhnəyə çıxaraq toy iştirakçıları üçün kiçik rep ifa etməsi birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə xanəndəni bu ifaya görə tənqid edənlər də var, onun bu improvizəsini yüksək qiymətləndirənlər də.

Tribunainfo.az xəbər verir ki, müğənni Nura Suri Alim Qasımovun rep ifa etməsini tənqid edənlərə iradını bildirib. O qeyd edib ki, bizim cəmiyyət yeniliyi qəbul edə bilmir:

“Alim Qasımovun toydakı görüntülərini saytlar paylaşıb. Cəmiyyətimiz də tökülüşüblər şərhlərdə ağızlarına gələni yazıblar. Elə bil oturub gözləyirlər ki, kimsə nəsə etsin, bunlar da klaviatura “qəhrəmanları” öz zəhərlərini töksünlər şərhlərə.
Yaşlı insan əylənə bilməz? Zarafat edə bilməz?
Elə bil ki, hamı hakimdi, həyat da məhkəmə.

Qınanılası o qədər mühüm məsələlər var ki, onları görməzdən gəlməkdən bezmirsiniz, amma insanları əyləndiklərinə görə rahatlıqla təhqir edə bilirsiniz. Bir özünüzə də baxın, niyə bu qədər nifrəti içinizdə bəslədiyiniz səbəblərini də axtarın”.

Yazar Şərif Ağayar da A.Qasımovu rep dediyi üçün birmənalı qarşılamayanlardandır:

“Alim rep demir, ortaq bir ritm tutub səhnəyə çıxır, onu göstərir və düşür. O, intonasiyanın, ahəngin, ritmin mahir ustadıdır. Dəlilik həddində bilir və duyur. Bu heç. İkinci, rep oxusa belə eyib deyil. Elton Con sahildə konset verib, pianosunu yandırdı, indi deyək, yüngüllük edib? Nəhayətində Alim də bir sənət, bir şou adamıdır. Rep də deyə bilər, meyxana da, lap yanıltmac da. Məsələ bunda da deyil. Məsələ Azərbaycanın məşhur sənət adamlarının əksəriyyətinin mahiyyətcə manıs olmasındadır: ictimai mövqeləri yox, kitab oxumurlar, pul-parasını, ev-eşiyini, orden-medalını ver, qabağında “İnnabı” oynasın…
Bunun Manafı da belədir, Alimi də, Nəriman Həsənzadəsi də… Onurğası yoxdur Azərbaycan sənətçisinin. Amorfdur. Hər qaba doldura bilərsən. Bax əsl dərd budur. Bu dərdin qarşısında Alimin rep deməsi bunun yanında elə rep deməkdir”.

Jurnaist Vüsalə Rüstəmova da A.Qasımovu tənqid edənlərə qınayıb:

“İnsanlarımızın İQ-sü aşağı göstəriləndə deyirlər ki, qərəzlidir. Geniş düşüncə sıfırdır. Adamın ürəyi rep istəyib, oxuyub, sizə nə, deyərlər. Özü də gözəl də alınıb”.

Şair Şəhriyar Del Gərani isə A.Qasımovu bu ifasına görə tənqid edib:

“Vallah, kefimdən etmirəm, təəssübünü çəkirəm deyə edirəm. Muğamsız, demək olar, bir günüm də yoxdur. Barmaqsayı sənətkarlar da belə edəndə, zərbə ən çox bizim kimi həssas adamlara dəyir. Rep də gözəldir, əladır. Amma yaxşı olardı repi Xose desin, Qaraqan, Uran, PRoMete, Xpert, Paster desin, Buzz, Rio, Saybu desin, Alim Qasımov yox.

Sənətkar üçün obraz ən vacib nəsnələrdəndir. Dədə Qorqud cins şalvar geyinə bilməz. Açığı, buna heç haqqı da yoxdur!”.

Nigar İxtiyarqızı

Seçilən
49
tribunainfo.az

1Mənbələr