AZ

AFFA-dan ciddi səhv – Millidə bayraq skandalı

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası ötən günlərdə Monteneqro yığması ilə yoxlama oyununda qarşılaşıb. İlk yoxlama matçında Belarusa 1:3 hesabı ilə uduzan komandamız bu  görüşdə meydandan heç-heçə (0:0) ilə ayrıldı. Ancaq qarşılaşmanın ardından nə millimizin oyunu, nə də görüşün nəticəsi müzakirə olundu. Baş hakimin final fitindən dərhal sonra futbolçular arasındakı əlbəyaxa dava meydandakı oyunu kölgədə qoydu.

Görüşün ardından baş verənlər yalnız nəticəni, millimizin performansını yox, daha vacib bir məsələni də diqqətdən kənarda saxlayıb.

Əslində qarşılaşmadakı nəticə, oyundan sonrakı davadan daha mühüm olan yığmamızın formasındakı biabırçılıq idi. Belə ki, milli komandamızın futbolçularının bəzilərinin geyimlərinin arxasında Azərbaycan bayrağı olsa da, digərlərində bu yox idi. Meydanda ölkəmizi təmsil edən yığma komandada bəzi futbolçuların bayrağımızı daşımaması ciddi qüsurdur. Məgər meydandakı futbolçuların yarısı Azərbaycanı, digər yarısı başqa ölkəni təmsil edirdi?

Əslində bu vəziyyət hazırda ölkə futbolunun necə idarə edildiyini ortaya qoyur. Milli komandanı normal forma ilə təmin edə bilməyən bir sistem Azərbaycan futbolunu necə ayağa qaldıracaq? Üstəlik bayraq dövlətin ən önəmli simvollarından biridir, millilik ruhunun ayrılmaz hissəsidir. Meydanda Azərbaycanı təmsil edən bir komandada bəzi oyunçuların üzərində bayrağın olmaması texniki səhv yox, milli təmsilçiliyə sayğısızlıqdır.

Bu hadisə bir daha onu göstərir ki, AFFA rəhbərliyində hansı məsuliyyətə yiyələndiyinin fərqində olmayan insanlar cəmlənib. Bu, sıradan texniki səhv deyil, həm təşkilati zəiflik, həm də milliliyin mahiyyətinə hörmətsizlikdir.

AFFA rəhbərliyi  bu cür detalların nə qədər önəmli olduğunu anlamalıdır. Milli adı daşıyan bir komanda üçün bu cür səhlənkarlıq yolverilməzdir və ümumi sistemsizliyin daha bir əlamətidir.

İdmanxeber.az

Seçilən
12
idmanxeber.az

1Mənbələr