BAKI, 12 iyun. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio Rusiya vətəndaşlarını Rusiya Günü münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, o, təbrikində Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Moskva ilə konstruktiv əməkdaşlıq etmək istəyini bildirib.
“Amerika xalqı adından Rusiya xalqını Rusiya Günü münasibətilə təbrik etmək istəyirəm. Birləşmiş Ştatlar daha işıqlı gələcəyə olan arzularını həyata keçirməyə davam edən Rusiya xalqını dəstəkləməyə sadiqdir.
Biz həmçinin Rusiya və Ukrayna arasında davamlı sülhün təmin edilməsi üçün ABŞ-nin Rusiya Federasiyası ilə konstruktiv əməkdaşlığa sadiqliyini bir daha təsdiqləmək üçün bu fürsətdən istifadə edirik. Ümid edirik ki, sülh ölkələrimiz arasında daha qarşılıqlı faydalı münasibətlərə töhfə verəcək”, - dövlət katibi əlavə edib.