Ukrayna pilotsuz təyyarələri Rusiya aerodromlarına hücumundan sonra Rusiya ən qiymətli hərbi təyyarələrini Ukraynadan uzaqlaşdırıb.
APA xəbər verir ki, bu haqda “The Telegraph” mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirilib ki, ruslar iki Tu-160 strateji bombardmançı və raket daşıyıcısını cəbhə xəttindən 4000 mil (təxminən 6437 kilometr) uzaqlaşdırıb. Onlar uzaq Anadır aviabazasına köçürülüblər.
“Tu-160 səsdən sürətli bombardmançı təyyarəsi nüvə silahı daşıya bilir və Rusiyanın arsenalında ən bahalı təyyarə sayılır. Bu təyyarənin qiyməti təxminən 500 milyon dollardır. Müqayisə üçün, demək olar ki, ABŞ bombardmançı donanmasının əsasını təşkil edən B-52 Stratofortress təyyarəsinin təxmini qiyməti 94 milyon dollardır.”, - məlumatda deyilir.
Lakin Tu-160 təkcə bahalı bombardmançı deyil, həm də olduqca nadir təyyarədir. Rusiyada bu təyyarələrdən yalnız 16-nın xidmətdə olduğu güman edilir.