Türkiyənin Amasya şəhərində şənlik mərasimində 39 nəfər qidadan zəhərlənib.
Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, hadisə ötən gün axşam saatlarında, Hacılar Meydanı Məhəlləsindəki evlərdən birində qeydə alınıb. Evdə təşkil edilən ziyafətə qatılan qonaqlara toyuq ətindən hazırlanmış yemək verilib. Bundan sonra onlar özlərini pis hiss edərək ürəkbulanmadan, qarın ağrısından və qusmadan şikayətləniblər.
Zərərşəkənlər təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin yaxşı olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.