AZ

Paşinyanın antikilsə siyasəti seçkinin taleyinə təsir edəcək...


Mehman İsmayılov: “Əgər gerçəkdən erməni katolikosunu könüllü istefaya məcbur edə bilsə, bu, Paşinyanın qələbəsi olacaq”

Bildiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyanla erməni kilsəsi arasında mübarizə günü-gündən daha da qızışır. Son günlər N.Paşinyan erməni Qriqoryan kilsəsinin rəhbəri, katolikos II Qareginin istefasına nail olmaq istəyir, mübarizə kampaniyasını bu istiqamətdə qurur, katolikos və onun tərəfdarları da Paşinyanla bağlı etimadsızlıq prosesi başladıb.

Paşinyanın kilsəni məğlub etməsi və II Qaregini neytrallaşdırması növbəti parlament seçkilərində siyasi nəticələrə necə təsir edə bilər? İrəvanda Paşinyanın kilsəyə qarşı tədbirləri parlament seçkilərinin nəticəsinə təsir edəcəkmi?

“Paşinyana qarşı “keşiş inqilabını” dəstəkləyən Rusiyadır”

Politoloq Mehman İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, II Qaregini məğlub edib sıradan çıxararsa, növbəti parlament seçkilərinin qalibi Paşinyan olacaq. “Ermənistanda bu gün ideoloji bir boğuşma gedir. Ermənistanın tarixində üç dəfə erməni katolikosu istefaya getməyə məcbur ediblər, bu dördüncü hadisədir. Ermənistanın baş naziri, ümumiyyətlə Ermənistan hakimiyyəti ilə erməni kilsəsi arasında dəhşətli bir düşmənçilik var. Bu düşmənçilik getdikcə radikallaşır, dərinləşir. Erməni kilsəsi Ermənistanda olan bütün radikal, terrorçu təşkilatlara başçılıq edir”.

M.İsmayılov vurğuladı ki, həmçinin Qarabağ caniləri də erməni kilsəsinin nəzarəti altındadır, kilsə bütün dünya ermənilərinə başçılıq edir: “Erməni kilsəsi Ermənistan hökumətindən daha böyük imkanlara malikdir. Yəni əgər Paşinyan gerçəkdən erməni katolikosunu könüllü istefaya məcbur edə bilsə, bu, Paşinyanın qələbəsi olacaq. Amma Paşinyan kütləvi hərəkatla, küçə yürüşləri ilə erməni kilsəsinin üzərinə getmək qərarı versə, bu onun hakimiyyəti üçün heç gözlənilməyən nəticə verə bilər və bu, vətəndaş müharibəsinə çevrilər. Çünki erməni kilsəsinin yüzillərdir zombiləşdirdiyi erməni cəmiyyətinin içində çox böyük nüfuzu var.

Ona görə də indi erməni kilsəsi ilə Paşinyanın qarşıdurmasına əslində Kremllə Paşinyanın qarşıdurması kimi baxmaq lazımdır. Çünki erməni kilsəsi, erməni katolikosu II Qaregin Rusiyanın xüsusi xidmət orqanlarının birbaşa idarə etdiyi fiqurdur və bütün dünyada olan erməni diasporu, lobbi təşkilatları erməni kilsəsinə pul ödəyirlər,birbaşa onun nəzarətindədirlər, göstərişlərini yerinə yetirirlər. Əgər vəziyyəti sadə dillə ifadə etsək, Ermənistanın daxilində kilsə və onun başçılıq etdiyi qüvvələr, xaricdə - Rusiyada, Fransada, ABŞ-da olan erməni lobbisi, erməni diasporu, Qarabağ caniləri Paşinyan hakimiyyətinə qarşıdır. Paşinyana qarşı “keşiş inqilabını” dəstəkləyən Rusiyadır. Ona görə də indi Paşinyan əslində kilsəyə göstərdiyi müqavimətlə Rusiyaya, silahlı müxalifət qüvvələrinə müqavimət göstərir. Əgər bu mübarizədə qələbə çalarsa 2026-cı ilin iyun seçkilərində 100 faiz qələbə Paşinyanın olacaq. Yox, əgər Paşinyan ikinci Qaregini istefaya getməyə məcbur edə bilməsə, onda katolikos daha da güclənəcək, daha çox aqressivləşəcək, bu da Paşinyanın 2026-cı il seçkilərində məğlubiyyətinə səbəb olacaq”.

İradə SARIYEVA

Seçilən
19
baki-xeber.com

1Mənbələr