Türk Dövlətləri Təşkilatının (TDT) növbəti rəsmi Zirvə görüşü 6–7 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın paytaxtı Bakıda keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə TDT Baş katibinin müavini Ömər Kocaman report.az-a açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, bu Zirvə görüşü Təşkilat üçün strateji əhəmiyyət daşıyır və tədbirdə üzv dövlətlərin liderləri, müşahidəçi ölkələr, həmçinin təşkilatla əməkdaşlıq edən beynəlxalq qurumların nümayəndələri iştirak edəcəklər.
Xatırladaq ki, 2025-ci il ərzində TDT çərçivəsində iki ayrı Zirvə görüşünün keçirilməsi nəzərdə tutulmuşdu – biri rəsmi, digəri isə qeyri-rəsmi formatda. Qeyri-rəsmi Zirvə görüşü artıq 20–21 may tarixlərində Macarıstanın paytaxtı Budapeştdə baş tutub.
Təşkilatın əsas hədəfi üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni və müdafiə sahələrində əməkdaşlığı dərinləşdirmək, ortaq türk kimliyini və maraqlarını qlobal səviyyədə təmsil etməkdir.
Qeyd edək ki, TDT-yə hazırda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan üzvdür. Macarıstan və Türkmənistan isə təşkilatda müşahidəçi statusuna malikdir.
Oktyabrda Bakıda keçiriləcək Zirvə görüşünün gündəliyinə regional təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlıq, nəqliyyat dəhlizləri (Zəngəzur, Orta Dəhliz və s.), enerji layihələri, ortaq dil və mədəni irsin qorunması kimi mövzuların daxil edilməsi gözlənilir.
Bizim.Media