AZ

"Erməni katolikosa hücumu Bakıdan sifariş ediblər" - hədsiz absurdun arxasında nə var?..


Tural İsmayılov: "Ermənistan cəmiyyəti başa düşməlidir ki, öz problemlərini Bakıda yox, İrəvanda axtarmalıdır"

Ermənistan Respublika Partiyasının sədr müavini və siyasi məhbus Armen Aşotyan bəyan edib ki, baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsinə qarşı kampaniyası sifarişli xarakter daşıyır və “Azərbaycanla sıx koordinasiya şəraitində” həyata keçirilir.

O, bu barədə jurnalistlərə onun işi üzrə məhkəmə iclasından sonra hazırkı hakimiyyətin kilsə əleyhinə kampaniyasını şərh edərkən deyib.

"Ermənistanın siyasi dairələri öz vətəndaşlarına cavab vermək əvəzinə, hər şeyi “Bakının oyunu” kimi təqdim etməyə çalışır"

Məsələ barədəfikir bildirən siyasi şərhçi Tural İsmayılov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Ermənistan siyasətinin köhnə simaları yenə də daxili xaosu gizlətmək üçün miflərə sığınıb. Armen Aşotyanın “kampaniya Bakıdan sifariş olunub” açıqlaması həm cəfəngiyat, həm də siyasi intihar aktıdır: "Bu fikri səsləndirən şəxs ya reallıqdan uzaq düşüb, ya da bilərəkdən cəmiyyətə saxta düşmən obrazı sırımağa çalışır. Paşinyanın Erməni Apostol Kilsəsinə qarşı mövqeyi daxili siyasi dinamikanın məhsuludur, xarici koordinasiyanın yox. Ermənistanın siyasi dairələri öz vətəndaşlarına cavab vermək əvəzinə, hər şeyi “Bakının oyunu” kimi təqdim etməyə çalışır. Halbuki, Bakı üçün Ermənistanın kilsə ilə problemi yalnız müşahidə obyektidir, müdaxilə yox. Aşotyanın iddiaları daxili auditoriyanı qorxutmaq, reytinq qazanmaq və siyasi gündəmdə qalmaq məqsədi daşıyır. Ermənistanda dövlət-kilsə münasibətləri illərlə gərgin olub və bunun səbəbkarı Azərbaycan deyil. Katolikosun nüfuzunun sarsılması, onun korrupsiya və lüks içində yaşaması kimi ittihamlar xalqın narazılığı ilə bağlıdır. Bakı heç vaxt İrəvandakı kilsə qarşıdurmasına tərəf olmayıb, bu fikir sadəcə təxribat və diqqəti yayındırmaq cəhdidir. Əgər bir ölkədə kilsə dövlətlə düşmənə çevrilirsə, bu artıq daxili çürümənin nəticəsidir. Ermənistan siyasi rəhbərliyi və müxalifəti öz cinayətlərinə, korrupsiyasına, uğursuz idarəçiliyinə görə “Azərbaycan kartı”ndan istifadə edir. Lakin bu kart artıq işləmir, çünki heç kim bu manipulyasiyalara inanmır. Ermənistanda hər şeyin “Azərbaycanın sifarişi ilə” edildiyini iddia etmək ağılı təhqir etməkdir. Aşotyanın dedikləri nə məntiqə, nə də fakta əsaslanır – bu, sırf siyasi paranoyadır. Ermənistan cəmiyyəti başa düşməlidir ki, öz problemlərini Bakıda yox, İrəvanda axtarmalıdır".

Günel CƏLİLOVA

Seçilən
55
baki-xeber.com

1Mənbələr