AZ

Dörd səhmdar cəmiyyətinə məxsus 133 mindən artıq səhm hərracda özəlləşdirildi

BAKI, 11 iyun. TELEQRAF

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən 1074-cü pul hərracında dörd səhmdar cəmiyyətinə məxsus ümumilikdə 133 342 səhm özəlləşdirilib.

Teleqraf xəbər verir ki, hərracda iştirak edən müəssisələr arasında "Azinterservis", "Daşkəsən Aqrotexservis", "Zabrat Tikinti Quraşdırma" və "Bərdə Kəndkimya" yer alır.

Ən böyük satış "Azinterservis"-in səhmlərinə aid olub. Müəssisənin 133 167 ədəd səhmi 133 167 manata özəlləşdirilib. Cəmiyyətin nizamnamə kapitalı 886 154 manatdır.

Daşkəsən rayonunun Quşçu körpüsü kəndində yerləşən "Daşkəsən Aqrotexservis"-in isə 94 ədəd səhmi 94 manata satılıb. Qeyd edək ki, bu qurumun nizamnamə kapitalı 195 246 manat təşkil edir.

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 ərazisində yerləşən "Zabrat Tikinti Quraşdırma"-nın 75 ədəd səhmi 150 manata hərracda alıcı tapıb. Səhmdar cəmiyyətin nizamnamə kapitalının həcmi 87 835 manatdır.

Bərdə şəhəri, Sənaye küçəsi 6 ünvanında fəaliyyət göstərən və nizamnamə kapitalı 191 592 manat olan "Bərdə Kəndkimya" cəmiyyətinin isə 53 ədəd səhmi 106 manata satılıb.

Qeyd edək ki, bütün satışlarla bağlı sənədləşmə 5 may 2025-ci il tarixli və №71 saylı sənəd əsasında rəsmiləşdirilib.

Seçilən
1
teleqraf.com

1Mənbələr