AZ

İlahiyyatçıdan TƏKLİF: “Yas mərasimləri ləğv edilməlidir, oturub yemək, aş, halva gözləyirlər, vəhşilikdir...”

“İslam dinində “yas mərasimi, yas məclisi” deyə bir anlayış yoxdur. İnsan vəfat edərkən həyata keçirilməsi vacib olan bir neçə məsələ var. Yuyulub, kəfənlənir, cənazə namazı qılınıb, üzü qibləyə tərəf dəfn edilir və onun üçün məğfirət, yəni bağışlanma dilənərək Allaha dua edilir. Ölü sahiblərinə başsağlığı verilir.ş hərə öz işinin arxasınca gedir..”

 

Bu sözləri Pravda.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.

 

O bildirib ki, üç gün ölü sahibinə başsağlığı vermək barədə, yəni yas günləri haqda hədislər var: “Məclis qurub ehsan vermək, qonaqlıq təşkil etmək haqda heç bir nümunə, göstəriş yoxdur. Üç, yeddi, qırx, bəzən də əlli iki, yaxud “cümə axşamları” deyilən məclislər istismarçı ruhani təbəqənin öz mənafeləri üçün qondardıqları bidətlər, xurafatlar və mövhumatlardır. Sadəcə, toplaşan adamların arasındakı xəstə, yaxud uzaqdan gələnləri nəzərə alaraq yüngül çay masası və qonaqların gətirdiyi ərzaq yardımından xurma, kökə kimi nemətlərdən ikram etmək olar. İslama görə, nəinki camaat ölü yerində yeməyə getməli, əksinə yas evinə özləri yemək, ərzaq aparmalıdırlar ki, vəfat edənin yaxınlarının başları qarışıq olur, ailəsi çətinə düşməsin. Amma indi tərsinədir. Camaat əli cibində sanki kafedə nahar etməyə gedir. Oturub yemək, aş, halva gözləyirlər. Bu vəhşilikdir. Belə adət olmaz. Heç bir müsəlman ölkəsində bu cür adət yoxdur. Bunu tamamilə ləğv etmək lazımdır, çünki həm dinin, həm də milli ənənələrimizin əleyhinədir. Əhalinin sosial vəziyyətinin ziyanına işləyir. Borcla, kredit götürərək, sələm alaraq “ehsan” adı ilə qonaqlıq təşkil etmək dinin əleyhinədir. Nəyi qeyd edirsən? Mərhumun ölümünə sevinc ehsanı verirsən? Heç məntiqlə də uyğun deyil. Rəhmət qazanmaq üçün haçansa normal vaxtda imkanın olar, başqa formada ehsan edə bilərsən - kasıba, ehtiyacı olana. Yaxşı olar ki, rayonlarda ziyalılar, el ağsaqqalları, din xadimləri bu məsələdə aktiv olsunlar, israfçılığın qarşısının alınmasında maarifləndirmə işi aparsınlar ki, xalqımız bu bəladan xilas olsun”.

 

Aytəkin Qardaşova

Tarix: 11 İyun 2025, 14:42   
Seçilən
71
1
pravda.az

2Mənbələr