Beynəlxalq yoldaşlıq oyunu çərçivəsində evdə İsveçrə yığmasını qəbul etmiş ABŞ yığması bu oyunda mütləq milli antirekora imza atıb.
Arena.az məlumat verir ki, “yankilər” doğma azarkeşləri qarşısında dörd dəfə “kötəkləniblər” – 0:4.
Bu məğlubiyyət nəticəsində ABŞ yığma komandasının baş məşqçisi, 53 yaşlı argentinalı mütəxəssis Maurisio Poçettino “yankilər”in sükanı arxasında 1988-ci ildən bəri ardıcıl 4 məğlubiyyət yaşamış ilk çalışdırıcı olub.
Xatırladaq ki, daha əvvəl ABŞ millisi CONCACAF Millətlər Liqasının yarımfinalında Panama yığmasına məğlub olub – 0:1. Ardınca isə “yankilər” yarışın 3-cü yeri – bürünc medal uğrunda oyunda Kanada yığmasına məğlub olublar – 1:2. Sonra isə Türkiyə millisi ABŞ yığmasını səfərdə 2:1 hesabı ilə məğlub etmişdi.
Göründüyü kimi, Poçettinonun “yankilər”i mütləq milli antirekordu daha da “yaxşılaşdırmaq” imkanlarını saxlayırlar.