AZ

İmpiçment qorxusu Trampın qapısını döyür...


Mətləb Salahov: “Bu şəxs prezidentdən daha çox ancaq öz maraqlarını düşünən yırtıcı biznesmen kimi ABŞ-ı idarəolunmaz böhrana sürükləyir”

“Donald Trampın hakimiyyətə gələr-gəlməz dünyanı hədələyən bəyanatları, Ukraynada bir neçə həftəyə müharibəni dayandıracaq fikirlər səsləndirməsi ona olan marağı necə gücləndirmişdisə, sonradan verdiyi bütün vədləri yerinə yetirə bilməməsi, üstəlik dünya ölkələri ilə böyük bir dövlətin rəhbəri kimi deyil, sırf yırtıcı biznesmen kimi davranması ona qarşı olan nifrəti pik həddinə çatdırıb”.
Bu barədə “Bakı-Xəbər”ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. M.Salahov qeyd edib ki, hazırkı ABŞ rəhbəri bir dövlət xadimindən daha çox şəxsi maraqları üçün xərac toplayan tiran təsiri bağışlayır: “Təkcə bir fakta diqqət edək. D.Tramp üç ərəb ölkəsinə etdiyi son səfərində həm 400 milyon dollarlıq özəl təyyarə hədiyyəsi aldı, həm də müharibə üzü görməyən Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinə müdafiə sənayesi və texnoloji inkişafla bağlı nə az nə çox, düz 3 trilyard dollarlıq müqavilə imzalatdı. Başqa bir yandan D.Tramp Avropa ölkələrini və Çini ticarət embarqosu ilə təhdid edir, sözün əsl mənasında ABŞ-ın yırtıcı simalı ölkə kimi nüfuzdan düşməsinə səbəb olur. D.Trampın Ukraynada müharibəni həll etmək əvəzinə bu ölkənin təbii sərvətlərini qamarlamaq üçün Volodimir Zelenskiyə qarşı şəxsən D.Trampın ağlasığımaz təzyiqlər etməsi də bütün dünyanın gözü önündə baş verdi. Artıq Ukraynanın bir sıra təbii sərvətləri ABŞ-a daşınacaq.
Xarici siyasətdəki bu acınacaqlı vəziyyət, ABŞ-ın demokratik ölkə əvəzinə tiran dövlət kimi təqdim olunması ölkə daxilindəki etirazları da şiddətləndirib. Artıq ABŞ daxilində hazırkı Ağ Ev sahibinə qarşı olan etirazlar, Los Ancelsdən başlayan üsyanla pik nöqtəyə çatıb. İş o yerə çatıb ki, Kaliforniya qubernatoru da amerikalıları D.Trampa qarşı birləşməyə çağırış edib.
Proseslər onu göstərir ki, D.Trampa qarşı impiçment qərarı yarana bilər. Çünki bu gedişlə D.Tramp ABŞ tarixi üçün ən qalmaqallı prezident kimi yadda qalacaq və daha çox dağıdıcı hadisələrə şahid olacayıq. Unutmayaq ki, Konqresdə və Nümayəndələr Palatasında D.Trampın impiçmenti üçün alışıb yanan kifayət qədər qanunvericilər əyləşib”.

Namiq Quliyev

Seçilən
104
baki-xeber.com

1Mənbələr