AZ

Avropa Komissiyası Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təqdim edib

Avropa Komissiyası Rusiyaya Ukraynadakı müharibəsinə görə tətbiq edilən 18-ci sanksiyalar paketi çərçivəsində “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərləri ilə bağlı hər hansı əməliyyatları qadağan etməyi təklif edir: heç bir Aİ operatoru bu layihələrdə birbaşa və ya dolayısı ilə iştirak edə bilməz. Bu barədə çərşənbə axşamı, iyunun 10-da Brüsseldə jurnalistlərə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildiriblər. Bundan başqa, Rusiyanın “kölgə donanması”nın daha 77 tankerinin Aİ-nin sanksiya siyahısına daxil edilməsi təklif olunub ki, nəticədə məhdudiyyətlərə məruz qalan gəmilərin ümumi sayı 400-ü keçəcək.

Yeni paketə Rusiya ilə ABŞ arasında danışıqların iştirakçısı Kirill Dmitriyevin rəhbərlik etdiyi daha 22 Rusiya bankına (SWIFT sistemindən ayrılma) və Rusiya Birbaşa İnvestisiya Fonduna (RDIF) qarşı sanksiyalar da daxildir.

Onların arasında Belarus və Çin müəssisələri də var. Fon der Leyenin sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər Moskvanı bu sahədə Avropa texnologiyalarına hər hansı çıxışdan məhrum etmək üçün dronların istehsalı üzrə bütün təchizat zəncirinə də təsir edəcək.

Təkliflərə həmçinin Rusiya neftinin qiymətinin bir barel üçün 60 dollardan 45 dollara endirilməsi, həmçinin Rusiya nefti əsasında emal olunmuş neft məhsullarının idxalına qadağa da daxildir. Neftin yeni qiymət həddini təsdiqləmək üçün G7 ölkələri arasında birliyə ehtiyac var. "Əgər bu addımlar ABŞ-ın tədbirləri ilə birlikdə atılarsa, bu, sanksiyalarımızın ümumi təsirini kəskin şəkildə artıracaq"- fon der Leyen bir neçə gün əvvəl deyib.

Avropa Komissiyasının rəhbəri bir daha vurğuladı ki, Avropa İttifaqı G7 ölkələri və xüsusilə də ABŞ ilə neftin qiymətinin tavanını aşağı salmaqda konsensusa nail olmağa çalışır. Bu mövzuda növbəti müzakirə iyunun 15-16-da Kanadada keçiriləcək G7 sammitində baş tutacaq.

Almaz Həsənli

Seçilən
3
oxumeni.az

1Mənbələr