AZ

Bir nasos stansiyasının ümidinə qalan kənddən - REPORTAJ

YEVLAX, 11 iyun. TELEQRAF

Yevlax rayonunun uzun illərdir suvarma problemi ilə mübarizə aparan Kolanı kəndində ümid işığı yanmağa başlayıb. Araşdırmalar və son proseslərin gedişatı göstərir ki, kənd sakinlərinin illərdir həllinə nail olmaq istədiyi suvarma imkanları nəhayət gerçəkləşmək üzrədir. Xeyli vaxt idi ki, kəndin 200 hektara yaxın pay torpaqları suvarma resurslarının çatışmazlığı səbəbindən istifadəyə yararsız hala düşüb. Məhsuldarlıq və keyfiyyət ildən-ilə aşağı olub. Buna görə də əkin sahələrində əkilən taxıl, arpa, yonca və digər bitkilər susuzluq səbəbilə vaxtından əvvəl məhv olur. Bu il də oxşar mənzərə müşahidə olunur.

Teleqraf-ın yerli müxbiri sakinlərinin müraciəti əsasında yaşayış məskənindəki mövcud vəziyyətlə yaxından tanış olmaq üçün oraya üz tutub.

Kolanı kəndi Yuxarı Qarabağ kanalının yaxınlığında yerləşir. Lakin bu ərazi yalnız bir ədəd artezian quyusu və Tərtər çayından qidalanan, lakin bir neçə ay davam gətirən kanal və arx ehtiyatları ilə suvarılır. Yaz-yay mövsümünün əvvəlində müəyyən qədər su təminatı mümkün olsa da, yayın ortalarına doğru kanalın ehtiyatları tükənir.

Sakinlər qeyd ediblər ki, problemin miqyası nəzərə alınaraq, dəfələrlə Yevlax Rayon İcra Hakimiyyətinin əməkdaşları əraziyə baxış keçirib. Yuxarı Qarabağ kanalının Kolanı hissəsində əvvəllər 120 hektarlıq sahəni suvaran, lakin uzun illərdir sıradan çıxmış nasos stansiyasının yerində müasir su nasos stansiyasının tikilməsi üçün tapşırıq verilib.

Yevlax Suvarma Sistemləri İdarəsi aidiyyəti qurumlarla birlikdə layihə-smeta sənədlərini hazırlayaraq, ötən il tenderə təqdim etsə də, podratçı azlığı səbəbindən hər iki tender baş tutmayıb. Ardınca idarə əməkdaşları enerji ilə işləyəcək stansiyanın texniki tələblərini və energetik potensialını araşdırıb. Aydın olub ki, Kolanıda nasos stansiyasının işə düşməsi üçün kəndin enerji təsərrüfatı, yəni, xətlər, naqillər, yarımstansiyalar və digər infrastruktur tamamilə yenidən qurulmalıdır.

Hazırda bu işlər üzrə texniki hesabatlar hazırlanaraq, aidiyyəti qurumlara təqdim olunub. Məlumata görə, proses başa çatdıqdan sonra Yuxarı Qarabağ kanalı üzərində yeni nasos stansiyası inşa olunacaq. Bu stansiya sayəsində Kolanı kəndindəki 110 təsərrüfata və 20 ailəyə məxsus torpaqlar suvarma suyu ilə təmin ediləcək.

Bəs həmin ana qədər Kolanı sakinləri suvarma problemini necə həll edəcəklər?

Bu sualın cavabını isə Yevlax Suvarma Sistemləri İdarəsi verib. Qurumdan bildirilib ki, vəziyyəti müvəqqəti də olsa, yaxşılaşdırmaq məqsədilə Bərdə rayonu ərazisindən keçən bir kanalın Kolanı istiqamətinə yönləndirilməsi ilə həll etmək istəyirlər. Bunun üçün aidiyyəti qurumlarla uzun müddətdir davam edən danışıqlar başa çatmaq üzrədir. Yaxın vaxtlarda qarşılıqlı razılaşma və müqavilə əsasında bu yöndə zəruri addımlar atılacaq.

Beləliklə, uzun illər su həsrəti ilə yaşayan Kolanı kəndində artıq ümidlər gerçəyə çevrilmək üzrədir. Əgər nəzərdə tutulan işlər zamanında və ardıcıllıqla icra olunarsa, kəndin torpaqları yenidən məhsuldar hala qayıda, kəndlilərin zəhməti boşa getməyə bilər. Kolanı suya qovuşacaqmı? Gedişat onu göstərir ki, bəli.

Seçilən
18
teleqraf.com

1Mənbələr