AZ

Yas ehsanları bütün Azərbaycan miqyasında qadağan oluna bilər - zərurət tam yetişib...


Cəmşid Əliyev: “Yas mərasimlərində yeməyin yığışdırılmasına nail olmağın yolu əsasən maarifçilik işindən keçir”

Azərbaycanda yas mərasimləri keçirilərkən süfrə açılması, ehsan verilməsi uzun illərdir ənənə halını alıb. Bir neçə ildir yas mərasimlərində bol süfrələrin açılması ciddi şəkildə tənqid edilir. Lakin hələ də yas mərasimlərində dəbdəbəli ehsan süfrələrini tam yığışdırmaq mümkün olmayıb.

Qeyd edək ki, ictimaiyyət tərəfindən ciddi şəkildə müzakirə edilən bu məsələ israfçılıq, özünü göstərmə və s. kimi də qiymətləndirilir. Doğrudur, bəzi rayon və kəndlərdə yas mərasimləri zamanı yemək verilməsi dayandırılıb və hamı bir qayda ilə süfrəyə çay, limon, halva və xurma verir. Ancaq bu nümunə bəzi bölgələrdə tətbiq olunur. Bu günlərdə Samux rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsinin ləğv edilməsi haqqında məlumat yayıldı. Yasda, əsasən, təkcə çay süfrəsinə icazə verilir.

Yas mərasimlərində təntənəli ehsan süfrələrinin ləğv edilməsi təqdirolunası bir qərardır. Maraqlıdır, bu qərar bütün ölkə üzrə şamil oluna bilərmi?

“Yaxşı olar ki, başqa rayonların ağsaqqalları da bu işlərə rəvac verib təmtəraqlı, şan-şöhrətli, israfçı yas mərasimlərini ləğv etsinlər”

Ilahiyyatçı Cəmşid Əliyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, ehsan süfrələrinin tamamilə yığışdırılması uzun zamandır müzakirə olunur: “Məlumdur ki, Naxçıvan, Şəki, Füzuli, Samux və digər rayonlarda ehsan süfrələri ləğv edilib. Yaxşı olar ki, başqa rayonların ağsaqqalları da bu işlərə rəvac verib təmtəraqlı, şan-şöhrətli, israfçı yas mərasimlərini ləğv etsinlər. Bakıdakı mərasim evlərində xüsusi menyular tətbiq olunmalıdır. Standart yas masası menyusu- çay, xurma, limon və bir növ qoğal. Dinimizdə təntənəli yas mərasimi yoxdur. Dünyasını dəyişmiş insanların yaxınları yas mərasimləri zamanı bilmir ki, öz əzizlərinin itkisinə yansın, yoxsa qonaqların yemək məclisinin dərdini çəksin. Onun üçün bu mərasimə yemək məclisi deyirəm ki, bu mərasimin dini qayda ilə heç bir əlaqəsi yoxdur. Bizim ölkədə qeyd edilən yeddi, qırx, hətta bəzi hallarda əlli iki mərasiminin də İslam dini ilə heç bir bağlılığı yoxdur” .

Ilahiyyatçı hesab edir ki, yas mərasimlərində yeməyin yığışdırılmasına nail olmağın yolu əsasən maarifçilik işindən keçir. “Bu sahədə ciddi maarifçilik işləri aparılmalıdır ki, insanlar yas mərasimlərində israfçılığa yol verilməsinin mənfi hal olduğunu bilsinlər”.

Günel CƏLİLOVA

Seçilən
64
baki-xeber.com

1Mənbələr