"Fələstin rəhbəri HƏMAS-ın silahsızlandırılmasını və beynəlxalq qüvvələrin bölgəyə yerləşdirilməsini təklif edir..."
Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas Fransa prezidenti Emmanuel Makrona və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana göndərdiyi məktubda HƏMAS radikal qruplaşmasının silahsızlaşdırılmasının zəruriliyini vurğulayıb və beynəlxalq sülhməramlı qüvvələrin Fələstin xalqını qorumaq üçün bölgəyə yerləşdirilməsini təklif edib.
Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.
Məktub iyun ayının 17-dən 21-dək Nyu-Yorkda BMT-nin mənzil-qərargahında keçiriləcə "iki dövlətli həll" beynəlxalq konfransından öncə göndərilib. Həmin tədbirdə Makron və bin Salman həmsədr qismində çıxış edəcək.
Abbasın məktubunda o, ilk dəfə olaraq 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumunu, dinc sakinlərin öldürülməsi və girov götürülməsini açıq şəkildə "qəbuledilməz və qınanmalı" adlandırıb.
O, HƏMAS-ı bütün girovları dərhal azad etməyə çağırıb və bu təşkilatın Qəzza üzərindəki idarəçiliyindən uzaqlaşdırılmasının, eləcə də silahlarının Fələstin təhlükəsizlik qüvvələrinə təhvil verilməsinin vacibliyini bildirib.
Eyni zamanda Abbas bildirib ki, onun rəhbərlik etdiyi Fələstin Muxtariyyəti beynəlxalq dəstək və zəmanətlə, konkret və icbari vaxt çərçivəsində İsrail işğalının sona çatmasını və yekun status məsələlərinin həllini nəzərdə tutan sülh sazişi imzalamağa hazırdır.
Abbas məktubda həmçinin Fələstin Administrasiyasının islahatlarını davam etdirmək və bir il ərzində prezident və parlament seçkiləri keçirmək niyyətini də açıqlayıb. Bu seçkilərin beynəlxalq nəzarət altında təşkil olunacağı gözlənilir.
Fransa liderliyi Abbasın bu bəyanatlarını "konkret və misilsiz öhdəliklər" kimi dəyərləndirib və bunları iki dövlətli həll yolunda ciddi irəliləyiş sayıb. Makron əvvəllər dəfələrlə Fələstin dövlətinin tanınmasına açıq olduğunu bildirib, lakin bunu HƏMAS-ın silahı yerə qoyması və girovların azad olunması şərtilə əlaqələndirib.
Lakin İsrail bu çağırışlara ehtiyatla yanaşır. Rəsmi Təl-Əviv hesab edir ki, indiki mərhələdə Fələstin dövlətinin tanınması vaxtsızdır və belə bir addım, əgər radikal qüvvələrdən təmizlənmə baş verməzsə, İsrailin təhlükəsizliyinə ciddi risk yarada bilər. Bir çox israilli siyasətçilər narahatdır ki, müstəqil Fələstin dövləti İsrailə qarşı mütəmadi hücumlar üçün baza halına gələ bilər.
Hazırda HƏMAS-ın Qəzzada nəzarətinin tam sona çatdırılması, sülhə aparan yolun əsas şərtlərindən biri kimi təqdim olunur. Abbasın son bəyanatı isə həm Fransa, həm də ərəb dünyasında onun ciddi sülh niyyətlərini ortaya qoyması baxımından diqqətlə izlənilir.