BAKI, 10 iyun. TELEQRAF
Vətən müharibəsinin iştirakçısı, "Qarabağ" ordenli polkovnik-leytenant Emil Axundov ailə həyatı qurub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, zabitin toyu Bakıdakı dəbdəbəli şadlıq saraylarından birində keçirilib.
O, sevdiyi xanımla nigaha girib.
Qeyd edək ki, Emil Aqil oğlu Axundov 1984-cü ildə Lənkəranda anadan olub.
O, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.
Emil Axundov Vətən müharibəsində döyüşə ilk atılan zabitlərdəndir. Onun komandiri olduğu tabor döyüşlərin ilk günlərində təmas xəttini yarıb, Füzulinin Qaraxanbəyli və Merdinli kəndlərini azad edib.
Prezident İlham Əliyevin sərəncamları ilə o, "Qarabağ" ordeni, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. O, Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə mükafatlandırılıb. Hazırda xidmətini davam etdirir.
Emil Axundovun atası Aqil Axundov Birinci Qarabağ müharibəsinin şəhididir.