Məhəmməd Əsədullazadə: “Düşünmürəm ki, bu birlik Paşinyanın konkret olaraq devrilməsi ilə nəticələnəcək”
Levon Ter-Petrosyan Ermənistan Respublikasında seçki saxtakarlığı praktikasının banisidir və o, təbii ki, özü kimi populist və fırıldaqçının yanında olmalıdır. Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın ötən gün II Qareginlə görüşməsi və ona “tam dəstək” ifadə etməsi haqda sosial şəbəkə hesabında yazıb.
Məlum olduğu kimi, Paşinyanla erməni kilsəsi arasında gərginlik yaşanır. Paşinyan bəzi yepiskopları subaylıq andını pozmaqda, doğmalarının ailəsinə qarşı əxlaqsızlıqda ittiham edib.
Bütün bunların fonunda, Ermənistanda fərqli və bir-biri ilə rəqib siyasi qüvvələrin kilsə ilə birlikdə Paşinyana qarşı təmərküzləşməsi mövcud hakimiyyət üçün ciddi təhlükə yarada bilərmi?
“Ermənistan kimi balaca ölkədə kilsənin müxalif qüvvələrlə birlikdə hərəkət etməsi ona problem yarada bilər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Göründüyü kimi, eks-prezident Levon Ter-Petrosyan da Paşinyana qarşı çıxır. Halbuki, uzun illər Ter-Petrosyan Paşinyanın “xaç atası” rolunda çıxış edib. Müxtəlif dövrlərdə Paşinyan Ter-Petrosyanla birlikdə Köçəryan-Sarkisyan hakimiyyətinə qarşı müxalif mövqedən çıxış edib. Ancaq 2018-ci ildə Paşinyan hakimiyyətə gələndən sonra tərəflərin münasibətləri pozuldu. Xüsusən də Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsindən sonra Ter-Petrosyan Paşinyana qarşı sərt mövqedən çıxış etməyə başladı. Ona görə ki, Azərbaycanın qələbəsini həzm edə bilmirdi. Hazırkı dövrdə Ter-Petrosyanın kilsənin yanında durması istər-istəməz müxalifətin Paşinyana qarşı mövqelərini gücləndirir. Düzdür, Ter-Petrosyan çox yaşlıdır və onun bundan sonra ölkəyə rəhbərlik etməsi real deyil. Ancaq nə qədər olmasa da onun ictimai çəkisi var və Ermənistan kimi balaca ölkədə kilsənin müxalif qüvvələrlə birlikdə hərəkət etməsi Paşinyana problem yarada bilər. Lakin bu o demək deyil ki, mütləq qalib gələcəklər. Görünən odur ki, 3 sabiq prezident və kilsə konkret olaraq Paşinyana qarşı yeni cəbhə açırlar. Ancaq o da var ki, revanşist müxalifətin ictimai dayaqları zəifdir. Hələ ki, Ermənistan müxalifətinin yeni və birləşdirici fiquru yoxdur. Bu amil həm də Rusiyanı qayğılandırır. Bəli, Rusiya Paşinyanı devirib Moskvaya sadiq qüvvələri hakimiyyətə gətirmək istəyir. Ancaq Kreml də görür və bilir ki, Köçəryanın qatarı gedib. Ermənistanda Köçəryana nifrət böyükdür. Paşinyan seçkiyə bir il qalmasına baxmayaraq, indidən erməni kilsəsini və başında duranları ifşa etməyə çalışır. Tərəflər arasında 2026-cı ilin ortalarında keçiriləcək seçkilər həlledici mərhələyə keçir. Bir məqamı nəzərə almaq lazımdır ki, 2-ci Qaregin Ter-Petrosyanla dostdur. Ancaq düşünmürəm ki, bu birlik Paşinyanın konkret olaraq devrilməsi ilə nəticələnəcək. Ona görə ki, kilsənin də revanşistlər qədər çoxsaylı cinayətləri, korrupsiya əməlləri var. Yəni onlar təmiz olmadıqları üçün qüclü qüvvəyə çevrilə biləcəkləri real görünmür”.
Vidadi ORDAHALLI