AZ

Azərbaycanın xarici hədəfləri və vətəndaş cəmiyyətinin iştirakı...


Fransanın müstəmləkəçilik siyasətinə qarşı Azərbaycanda müxtəlif səviyyələrdə ciddi mübarizə aparılır. Fransız müstəmləkəçiliyindən əziyyət çəkən ölkələrin və xalqların haqq səsini beynəlxalq aləmə çatdırmaq üçün ölkəmizdə böyük işlər aparılır.

Çox təəssüflər olsun ki, XXI əsrdə belə Afrikada, Yaxın Şərqdə, Latın Amerikasında neokolonializmi davam etdirən ölkələr var və Fransa başda olmaqla həmin ölkələr insan hüquq və azadlıqlarını kobud şəkildə pozurlar. Bildiyimiz kimi, neokolonializm siyasətində Fransanın sərgilədiyi ən pis nümunə tərəfimizdən ciddi şəkildə tənqid olunur. Məlumat üçün deyək ki, hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa, beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir.

Azərbaycan QHT-ləri Fransanın müstəmləkəçilik siyasətinə qarşı...

Bilirik ki, Fransa və onun kimi neokolonializm siyasətini davam etdirən ölkələrə qarşı Bakı Təşəbbüs Qrupu (BTQ) fəaliyyət göstərir və BTQ çərçivəsində Fransanın müstəmləkəçi siyasətinə qarşı dəfələrlə bəyanatlar verilib, tədbirlər keçirilib. Fransanın müstəmləkələri ilə bağlı Azərbaycanın vətəndaş cəmiyyəti insititutları da öz etiraz səsini qaldırıb.

Azərbaycanın vətəndaş cəmiyyəti dövlətin Fransanın müstəmləkə siyasətinə qarşı yürütdüyü siyasəti dəstəkləyir və müxtəlif təşəbbüslərlə çıxış edir.

Məsələn, ötən ilin noyabrında COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin Cənub-Cənub əməkdaşlığı üzrə beynəlxalq konfransı keçirildi.

Bu ilin aprelin ayının 28-də Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forum keçirildi.

Qlobal Cənub QHT Platformasının Bakıda formalaşması Azərbaycanın Qlobal Şimal və Qlobal Cənub arasında uğurlu vasitəçi, körpü olmasının növbəti təzahürüdür.

Qlobal Cənub QHT Platforması bu strateji coğrafiyada ölkələrin üzləşdikləri problemlərin beynəlxalq səviyyədə eşidilməsinə güclü dəstək verməyi, BMT daxil olmaqla, beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməyi, qlobal koordinasiyanı aparmağı nəzərdə tutur. Bu, ölkələrin üzləşdiyi ədalətsizliyə - yoxsulluq, iqlim dəyişmələrinin fəsadları, müstəmləkəçilik keçmişi, rəqəmsal uçurum, ticarət bərabərsizliyi və digər məsələlərə qarşı birgə səylərlə mübarizə aparma platformasıdır. O, həmçinin Cənub-Cənub əməkdaşlığını təşviq edir.

Bu ilin iyunun ayının əvvəlində isə Bakıda Fransa kolonializminə həsr olunmuş “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.Tədbir Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutub.

BMT-nin müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan, eləcə də bu sahə üzrə ixtisaslaşmış alimlərin ilk beynəlxalq elmi konfransında BMT-nin dekolonizasiya sahəsi üzrə təcrübəli ekspertləri, Fransanın keçmiş və hazırkı müstəmləkələrində fəaliyyət göstərən tanınmış alimlər, beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssislər, xarici ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri, eləcə də deputatlar və s. iştirak edir.

Tədbirdə müstəmləkəçilik siyasətinin ağır fəsadları, kolonial dövlətlərin əsarət altında saxladığı xalqlara münasibətdə həyata keçirdikləri siyasət, tətbiq olunan ayrıseçkilik metodları, habelə neokolonializmin tərkib hissəsi olan tətbiq edilən siyasi, iqtisadi və mədəni məhdudiyyətlər, milli kimliyin məqsədli şəkildə itirilməsi siyasəti elmi və metodoloji yanaşmalar əsasında dərindən təhlil edilib.

Beynəlxalq hüququn, habelə BMT qətnamələrinin tələbi olan dekolonizasiya prosesinin yekunlaşdırılmasının kolonial güclər tərəfindən qarşısının alınması və bu konteksdə beynəlxalq təşkilatlar çərçivəsində mövcud imkanlardan istifadə, təsirli mexanizmlərin həyata keçirilməsi, həmçinin sistemli bərabərsizliklərin beynəlxalq təşkilatlar səviyyəsində həlli yolları müzakirə olunub.

Azərbaycan QHT-lərinin dövlət siyasətinin həyata keçirilməsində iştirakı nə qədərdir? Azərbaycanın xarici hədəfləri və vətəndaş cəmiyyətinin iştirakı hansı səviyyədədir? Bakı Təşəbbüs qrupunun fəaliyyətinə QHT-lərin dəstəyi necədir?

Bildiyimiz qədır, Milli QHT Forumu bir müddət əvvəl kolonializmdən əziyyət çəkən xalqlara dəstək məqsədilə bəyanat qəbul edib.

“Vətəndaş cəmiyyəti də bütün mənalarda...”

Müstəqil ekspert Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanın xarici hədəfləri ölkəmizin beynəlxalq nüfuzunun artırılması, beynəlxalq aləmdə daha da güclənməsi və bundan irəli gələrək dövlətimizin milli və dövlətçilik maraqlarının qorunması kimi məsələlərdir: “Azərbaycana qarşı ədalətsiz mövqedə olanlara qarşı tədbirlərin görülməsi, hər hansı bir formada beynəlxalq ictimai rəyin dəyişdirilməsi, Azərbaycan və region haqqında haqlı, ədalətli mövqeyin dünya ictimaiyyətinə çatdırılması kimi hədəflərimiz var. Bilirsiz ki, dünyanın bəzi ölkələri var və onlar Azərbaycana qarşı haqsız və ədalətsiz mövqedən çıxış edirlər. Bura xalqların aidiyyəti yoxdur, amma ölkə rəhbərləri var ki, haqsız, ədalətsiz, bəzi hallarda da qərəzli olaraq Azərbaycana qarşı mövqe sərgiləyirlər. O ölkələrdə ictimai rəyin dəyişdirilməsi, bütövlükdə beynəlxalq mühitdə Azərbaycanın haqq və hüquqlarının müdafiə olunması, eyni zamanda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha geniş səviyyədə çatdırılması əsas işlərdəndir. Son dövrlərdə də həm COP29-un Azərbaycanda keçirilməsi, həm də digər beynəlxalq tədbirlərə ölkəmizin ev sahibliyi etməsi qeyri-hökumət təşkilatlarına, vətəndaş cəmiyyəti institutlarına çox böyük imkanlar yaratdı. Həm COP29-da, həm Qlobal Cənub QHT Platformasının yaranmasında QHT-lərin rolu ayrıca qeyd olunmalıdır. Eyni zamanda bütün bunlardan irəli gələrək digər beynəlxalq əlaqələrin gücləndirilməsi, həm də son dövrlərdə BTQ-nin çox fəal fəaliyyət göstərməsi vətəndaş cəmiyyətinin əldə etdiyi nailiyyətlərdən sayıla bilər. Çünki azsaylı və kiçik dövlətlərin hüquqlarının müdafiəsi sahəsində də neokolonializm siyasətinə qarşı Azərbaycan BTQ-nin timsalında atdığı addımlar vətəndaş cəmiyyətinin bu sahəyə önəmli töhfələrindən biridir. Düşünürəm ki, bəzi hallarda unudulmuş, bəzi hallarda ədalətsizliyə düçar olmuş, müstəmləkəçiliyə qurban getmiş, hazırda da bundan əzab çəkən xalqların və kiçik dövlətlərin hüquqlarını müdafiə etmək həm ədalətin bərpa olunması deməkdir, həm də Azərbaycan QHT-lərinin fəaliyyətinə diqqəti cəlb etməkdir. Bunlar hamısı çox vacibdir. Vətəndaş cəmiyyəti də bütün mənalarda qlobal beynəlxalq layihələrdə maraqlıdır. O cümlədən, təbii ki, Qərbi Azərbaycana qayıdış konsepsiyası çərçivəsində bu imkanlardan, beynəlxalq əlaqələrdən, bu platformalardan istifadə edib biz də haqq səsimizi dünyaya çatdırmalıyıq, ədalətimizi tələb etməliyik”.

R.Zeyni qeyd etdi ki, Qərbi azərbaycanlıların da təhlükəsiz şəkildə öz ata-baba yurdlarına qayıdış hüquqları var və bu hüquqlar mütləq şəkildə bərpa edilməlidir.

R.Zeyni əlavə etdi ki, Azərbaycanın vətəndaş cəmiyyəti bütün dünyada haqqı tapdalanan, hüquqları əlindən alınan, Fransa kimi irticaçı, koloniyaçı dövlətlərin tapdağı altında qalan xalqlara böyük dəstək verir.

Müsahibimiz vurğuladı ki, Azərbaycan QHT-ləri dövlətin xarici siyasətində əsas yerlərindən birini tutan müstəmləkəçiliyə qarşı mübarizədə yaxından iştirak edir və öz səslərini eşitdirirlər.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
32
baki-xeber.com

1Mənbələr