AZ

Tahir Mirkişili: 15 iyun Azərbaycanın siyasi tarixində dönüş nöqtəsi oldu

Bakı, 10 iyun, AZƏRTAC

1991-ci ilin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan xalqı hakimiyyətə gələn səriştəsiz siyasi qüvvələrin səbəb olduğu xaos, iqtisadi böhran və ərzaq qıtlığı ilə üzləşdi. Ölkənin hər yerində özbaşınalıq artır, daxili sabitlik və milli birlik pozulurdu. Bu vəziyyətdən istifadə edən Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü daha da gücləndirdi. Müqəddəs torpaqlarımızı və ərazi bütövlüyümüzü qorumağa məsul olan qüvvələr isə Bakıda hakimiyyət uğrunda mübarizəyə cəlb olunmuşdu. Döyüş hissələri cəbhə bölgələrindən çıxarılaraq paytaxta yönləndirilirdi. Nəticədə torpaqlarımızın 20 faizi işğal olundu, minlərlə şəhid verdik, minlərlə soydaşımız əsir düşdü, bir milyondan artıq vətəndaşımız doğma yurd-yuvasından didərgin salındı. Böhran dərinləşir, Azərbaycan parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalırdı. Ümummilli maraqların şəxsi ambisiyalara qurban verilməsi xalqın hakimiyyətə olan inamını sarsıtdı. İnsanlar xilaskar axtarışına çıxmışdı və bütün ümidlər, təbii olaraq, Naxçıvana – Heydər Əliyevə yönəlmişdi. Xalq və ziyalılar yaxşı anlayırdılar ki, dövləti bu uçurumdan yalnız bir şəxs – Ümummilli Lider Heydər Əliyev xilas edə bilər. Siyasi təcrübəsi olmayan qrupların yarıtmaz idarəçiliyi nəticəsində dağılmaq təhlükəsi ilə üzləşən Azərbaycan, məhz Heydər Əliyevin uzaqgörənliyi və siyasi bacarığı sayəsində ayaqda qaldı və möhkəmləndi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili bildirib. Onun sözlərinə görə, 1993-cü ilin 15 iyunu – Milli Qurtuluş Günü – xalqımızın və dövlətimizin ictimai-siyasi həyatında dönüş nöqtəsi olan tarixi bir hadisədir: “Xalq, ziyalılar və ictimai-siyasi xadimlər haqlı olaraq Ulu Öndər Heydər Əliyevin ətrafında birləşdi və müstəqil Azərbaycan dövlətinin məhv olmasının qarşısını aldı. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi ölkəmizdə müasir siyasi sistemin əsasını qoydu. Yeni Azərbaycan Partiyası antimilli iqtidara qarşı milli müxalifət kimi meydana çıxdı və qısa zamanda aparıcı siyasi qüvvəyə çevrildi. Heydər Əliyevin siyasi liderliyinin yüksəlişində partiyanın böyük rolu oldu. Bu gün də partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi irsini qürurla davam etdirir.

Xalqın çağırışlarını, ziyalıların və iqtidar nümayəndələrinin israrlı xahişlərini nəzərə alaraq, 1993-cü il iyunun 15-də keçirilən Milli Məclisin fövqəladə sessiyasında gizli səsvermə ilə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilərək hakimiyyətə qayıtdı. İyunun 24-də isə Milli Məclisin qərarı ilə prezident səlahiyyətləri Ali Sovetin sədrinə – Heydər Əliyevə verildi. Ulu Öndər deyirdi: “Mənim heç bir silahım yoxdur: nə topum, nə tapançam, nə də avtomatım var. Mənim idrakım var, iradəm var və əgər xalq mənə ümid bəsləyirsə, bu səlahiyyəti mənə veribsə, xalqı bu ağır vəziyyətdən çıxarmağı öz öhdəmə götürmüşəmsə, güman edirəm ki, xalq məni müdafiə edəcəkdir”.

Tahir Mirkişili bildirib ki, 1993-cü ildəki hadisələr xalqın yaddaşında dərin iz buraxıb: “Dövlət büdcəsi boşalmış, sərvətlər talanmış, idarəetmə sistemi iflic vəziyyətində idi. Xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükəyə ataraq Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. Onun hakimiyyətə qayıdışı ilə Azərbaycanda anarxiya, siyasi hakimiyyətsizlik, etnik separatçılıq və hərbiləşmiş cinayətkar dəstələrin özbaşınalığına son qoyuldu. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında planlaşdırılan dövlət çevrilişi cəhdləri də qətiyyətlə dəf edildi. Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın iqtisadi dirçəlişi üçün mühüm addımlar atıldı – “Əsrin müqaviləsi” imzalandı, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinin inşasına başlanıldı, Böyük İpək Yolunun bərpası istiqamətində konkret layihələr reallaşdırıldı.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, işğal olunmuş torpaqların azadlığı Heydər Əliyev üçün ən mühüm vəzifə idi. Əgər Ulu Öndər siyasi hakimiyyətə gəlməsəydi, Ermənistan daha böyük əraziləri işğal edib, bunu hüquqi müstəvidə dünya ictimaiyyətinə qəbul etdirməyə cəhd edəcəkdi. Hələ sovet dövründə ermənilərin ən çox ehtiyat etdiyi siyasətçi Heydər Əliyev idi. O, 1987-ci ilin oktyabrında Sov.İKP MK-nın Siyasi Bürosunun və şəxsən Mixail Qorbaçovun siyasətinə etiraz olaraq istefa verəndə buna ilk sevinənlər ermənilər olmuşdu. İki həftə sonra onlar Qarabağın Azərbaycanın tərkibindən çıxarılması məsələsini qaldırdılar. Əgər Heydər Əliyev o zaman hakimiyyətdə olsaydı, bu hadisə baş verməzdi”.

“2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə ilə Prezident İlham Əliyev Ulu Öndərin yarımçıq qalan arzularını gerçəkləşdirdi.

Heydər Əliyev məcburi köçkünlərlə görüşlərindən birində demişdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik...”

Bu gün həmin arzular gerçək olub – üçrəngli bayrağımız Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə və Xankəndidə dalğalanır. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, “Böyük Qayıdış” Dövlət Proqramı ardıcıl və düşünülmüş şəkildə həyata keçirilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini yerinə yetirdi. Qalib Azərbaycan bundan sonra da Heydər Əliyev yolunu izləyərək yeni zəfərlərə imza atacaq. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin yeni və şanlı səhifələrini yazmağa davam edəcək.

Heydər Əliyev hələ sağlığında əfsanələşmiş, siyasi olimpin zirvəsini fəth etmiş bir şəxsiyyət idi. ABŞ-ın sabiq Prezidenti Corc Buş onu “şəksiz lider”, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk dünyasının sevilən lideri”, Rusiya Prezidenti Vladimir Putin “siyasi nəhəng”, Fransanın sabiq Prezidenti Jak Şirak isə “qeyri-adi şəxsiyyət” adlandırmışdı. Bu fikirlər Ulu Öndərin böyüklüyünü və onun dövlətçilik təcrübəsinin, milli maraqlara bağlılığının dünya tərəfindən qəbul olunduğunu göstərir”, - deyə Tahir Mirkişili qeyd edib.

Seçilən
66
azertag.az

1Mənbələr