BAKI,TurkicWorld
Qırğızıstan Nazirlər Kabinetinin Sədri Adılbek Kasımalıyev Özbəkistana işgüzar səfəri çərçivəsində Özbəkistanın Baş Naziri Abdulla Aripov ilə görüşüb.
TurkicWorld xəbər verir ki, Adılbek Kasımalıyev həmkarı Aripova səmimi qonaqpərvərliyə görə təşəkkür edib.
“Bu gün keçirilən görüşümüz Qırğız-Özbək əməkdaşlığının aktual məsələlərini, əldə edilmiş razılaşmaların icrasının gedişatını müzakirə etmək və gələcək planları birgə müəyyənləşdirmək üçün yaxşı fürsət yaradacağına inanıram,” – deyə o qeyd edib.
Bundan əlavə, Kasımaliyev dövlət başçılarının səmimi və etibarlı münasibətləri sayəsində Qırğız-Özbək münasibətlərinin yüksək və yeni keyfiyyət səviyyəsinə qalxdığını vurğulayıb.
Öz növbəsində Özbəkistanın Baş Naziri Abdulla Aripov iki ölkə arasındakı əməkdaşlığın yüksəldiyini qeyd edərək, bunda hər iki dövlət başçısının töhfəsini xüsusi vurğulayıb.
Bundan başqa, tərəflər iki ölkə arasında iqtisadi, nəqliyyat, su-energetika, mədəni-humanitar sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər cari ildə Qırğız-Özbək hökumətlərarası komissiyasının, İş Adamları Şurasının iclaslarını, iki ölkənin rektorlarının forumunu, eləcə də Region Rəhbərləri Şurasının ilk iclasını müntəzəm keçirmək barədə razılığa gəliblər.
Görüşün yekununda Adılbek Kasımaliyev və Abdulla Aripov aşağıdakı sənədləri imzalayıblar:
- 5 sentyabr 2017-ci il tarixli Qırğızstan Hökuməti ilə Özbəkistan Hökuməti arasında Regionlararası Əməkdaşlıq haqqında Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə Protokol;
- Qırğızstan Prezidenti Sadır Japarovun 18-19 iyul 2024-cü il tarixlərində Özbəkistan Respublikasına dövlət səfəri zamanı əldə edilmiş razılaşmaların icrası üçün birgə praktiki tədbirlərin Yol Xəritəsi.