BAKI, 10 iyun. TELEQRAF
Mikayıl Müşfiq yaşından asılı olmayaraq hər bir azərbaycanlının qəlbində yaşayan şairlərdəndir. Heç də təsadüfi deyil ki, həyata göz açdığım andan ilk eşitdiyim kəlmələrdən biri də Mikayıl Müşfiqin adı olub. Mikayıl Müşfiqin adı həmişə evimizdə həzin, kədərli bir musiqi kimi səslənib. Zaman ötdükcə həm anam Dilbər Axundzadədən, həm də kitablardan Müşfiq haqqında daha çox məqamlar öyrəndim.
Sonralar anamla birlikdə Müşfiqlə bağlı keçirilən tədbirlərdə iştirakım Müşfiqin ruhunu, poeziyasını daha dərindən duymağıma, hiss etməyimə səbəb oldu.
Müşfiq gənclik, çılğınlıq, sevgi, hüzn, azadlıq şairidir.
Prezident İlham Əliyev cənablarının 2007-ci ildə imzaladığı sərəncam ilə Mikayıl Müşfiqin 100 illik yubileyi böyük təntənə ilə qeyd edildi.
2018-ci ildə İlham Əliyev cənablarının sərəncamı ilə Müşfiqin 110 illiyi respublikanın müxtəlif yerlərində geniş qeyd edildi. Həmin ilin oktyabr ayında cənab Prezidentin sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası birgə böyük şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr edilmiş “Mikayıl Müşfiq. Biblioqrafiya” kitabının və “Mikayıl Müşfiq – 110” elektron məlumat bazasının təqdimat mərasimi keçirildi.
Bir neçə gün öncə Teleqraf.az saytının əməkdaşları mənə Müşfiq və anam Dilbər Axundzadənin xatirələri ilə bağlı müsahibə üçün müraciət etdilər. Məmnuniyyətlə razılıq verdim. Müsahibədə Müşfiqin güllələnmədiyi, Mərəzə rayonunda 1939-cu ilin mart ayında öldüyü barədə Ədliyyə Nazirliyinin verdiyi arayışın olması barədə fikir səsləndirdim. Bu fikrim sosial şəbəkələrdə ciddi müzakirə olunmaqdadır. Mənim bu cür rəsmi sənədin olmasını deməyim heç də bu sənədin həqiqət olması anlamına gəlmir. Bu məsələni rəsmi qurumlar araşdırmalıdırlar.
Əlbəttə ki, dünyada bir çox tanınmış insanların şəxsi həyatları, yaradıcılıqları, ölümləri daim müzakirə olunub. Müşfiqin də yaradıcılığı həmişə müzakirə olunub. Normal, mədəni diskussiya mədəniyyətlərin, cəmiyyətlərin inkişafına ciddi təkan verdiyi bəllidir. Ancaq bu cür həssas, ciddi mövzularda hər bir şəxs diqqətli olmalı, sözün məsuliyyətini dərk etməlidir.
Hələ 2018-ci ildə Qaradağ rayonu Puta qəsəbəsində Mikayıl Müşfiqə aid olması iddia edilən meyit qalıqlarının aşkarlanması zamanı ölkə rəhbərliyinin, xüsusilə Prezident İlham Əliyev cənablarının qısa zaman ərzində işçi qrupu yaradaraq KİV-lərdə dərc edilən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların DNT analizinin aparılması, şairin nəsil nümayəndələrindən DNT analizlərinin götürülməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar verdi.
Cənab Prezidentin bu addımı Müşfiqə olan ehtiramın, sevginin, diqqətin bir daha bariz nümunəsi idi.
Lakin 2024-cü ilin iyun ayında Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov mətbuata açıqlama verərək Puta qəsəbəsində aşkarlanan cəsədin Müşfiqə aid olmadığını bildirdi.
Mikayıl Müşfiq nakam şairdir.
O sevdiyi qadından, poeziyadan, vətən havasından doymayan qələm adamıdır.
Müşfiqin qaranlıq taleyi hər birimizi narahat edir.
Biz hamımız inanırıq ki, zaman gələcək görkəmli ədibimiz Hüseyn Cavidin məzarı ölkəmizə gətirildiyi kimi Müşfiqin də cəsədinin qalıqları aşkarlanacaq. Və bununla da sevimli şairimizin ruhu əbədi rahatlığına qovuşacaq.
İmza: Leyla Axundzadə
Tarix: 10 iyun 2025-ci il