AZ

İnfeksiya yayan dönərxanalar: İnsanlar dönərdən niyə zəhərlənir?

BAKI, 9 iyun. TELEQRAF

Hazır ev yeməyi olmadıqda, işdə asan və doyumlu yemək axtardıqda çox insan dönər yeməyə üz tutur. Dönər ən çox yeyilən "fast food" yeməklərindən biridir. Həm münasib qiymətli, həm də doyumlu yemək kimi bir çox insanın sevimlisidir. Lakin bəzən dönərin yaratdığı fəsadları, verdiyi zərərlər unudulur. Xüsusilə, yay ayları gəldikdə tez-tez dönərdən zəhərlənmə halları ilə rastlaşırıq. Bəzən bu sadəcə zəhərlənmə olmur, ölümlə də nəticələnə bilir.

Elə bu gün Naxçıvan şəhəri Heydər Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında 17 nəfər dönərdən zəhərlənib. Zəhərlənən şəxslər Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib. Dönərxanada şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti isə dayandırılıb. Bu, son 20 gün ərzində Naxçıvanda dönərdən ikinci kütləvi zəhərlənmə hadisəsidir. Beləki, mayın 21-i Naxçıvanda dönərdən 7 nəfər zəhərlənmişdi.

Bəs dönərdən zəhərlənmə hansı səbəbdən baş verir? Bu zəhərlənmə daha çox nə vaxt baş verir? Əsasən kimlər zəhərlənir? Küçə yeməkləri nə zaman təhlükəli olur?

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi Aynur Məmmədova Teleqraf-a açıqlamasında deyib ki, yay aylarında dönərdən zəhərlənmə hadisələrinin sayı artır.

Onun sözlərinə görə, bu da soyuducuda saxlanılmalı olan mayonez, tərəvəz, ət kimi qidaların açıq havada qalmasından irəli gəlir:

“Burada gigiyena qaydalarına riayət olunmur və saxlanma şəraiti ciddi pozulur. Yay aylarında məhsullar tez xarab olur. Bütün bu ərzaq məhsulları soyuducuda saxlanılmalıdır. Hər dəfə soyuducudan götürüb istifadə etmək lazımdır. Açıq havada olduqda toz, mikroblar, qastroentirit (bağırsaq infeksiyası, bağırsaq çöpləri) ərzağa keçir. İnsanlar bu qidanı qəbul etdikdə zəhərlənmə baş verir. Buna görə də küçə yeməklərindən, "fast-food" yeməklərindən çox uzaq durmaq lazımdır. Çünki onların bişirilməsində istifadə olunan yağlar bir neçə dəfə istifadə olunur.

Yağın istifadə edilmə qaydası var. Mütəmadi olaraq ət közün qarşısında olur və bu da mikroblar üçün çox əlverişli şəraitdir. Bu da zəhərlənmələrə gətirib çıxara bilir”.

O, bu cür zəhərlənmələrin daha çox uşaqlar, mədə-bağırsaq sistemində bir qədər narahatlıq olan insanlarda baş verdiyini deyib:

“Belə halda bir neçə saat sonra zəhərlənmə özünü göstərə bilir”.

A.Məmmədova qeyd edib ki, zəhərlənmənin ilkin əlamətləri ürəkbulanma, qusma, qarın nahiyəsində tutma şəklində ağrılar, qızdırma hətta təzyiqin düşməsinə qədər ola bilir:

“Belə zəhərlənmələr uşaqlar və hamilə qadınlar üçün daha təhlükəlidir”.

Qida eksperti Fərid Səfərov isə bildirib ki, dönərdən zəhərlənmə hallarının olması normaldır, çünki, hazırda demək olar ki, dönər satılan yerlərin əksəriyyətində heç bir gigiyenik normalar gözlənilmir.

Onun sözlərinə görə, ətin haradan, necə alındığı tam aydın deyil, istifadə olunan digər ərzaqların təmizliyi və keyfiyyətinə heç kim cavabdehlik daşımır:

“Adından da göründüyü kimi, "tez-tələsik" yediyimiz üçün də bu cür hallarla tez-tez rastlaşırıq. Həm də aldığımız qidanın "zəhərli" olub-olmadığını ayırd etmək də çətindir, bəlkə qoxusunda, görünüşündə və dadında fərqli nə isə hiss etsək, şübhələnə bilərik. Əks halda çox təəssüf ki, zəhərlənmə qaçılmazdır”.

O, qida zəhərlənməsinin simptomlarının adətən 2-3 gün ərzində öz-özünə yox olduğunu və heç bir müalicə tələb etmədiyini deyib:

“Bu dövrdə ishal və qusma nəticəsində itirilən mayenin yerini doldurmaq üçün bol su və yağsız mayelər içmək lazımdır. Qusma varsa ürəkbulanma əleyhinə dərmanlar istifadə edilə bilər. Lakin çox şiddətli maye itkisinə səbəb olacaq qusma və ishal varsa və ya simptomlar 2-3 gün ərzində keçmirsə, həkimə müraciət edilməlidir”.

F. Səfərov qida zəhərlənməsi və hətta insan ölümlərinin qarşını almaq üçün mütləq ciddi şəkildə nəzarət edilməli olduğunu bildirib.

“Müəyyən tələblər qoyulmalı və normalar tətbiq olunmalıdır. Bir də ki, axı biz özümüz də düzgün seçim edə bilərik. Sağlamlığımız seçimlərimizdən asılıdır!”, - qida eksperti əlavə edib.

O, aparılan bir elmi araşdırmada bir həftə boyunca siçovullara ancaq "fast food" qidalar və şirin qazlı içkilər verildiyini deyib:

“Bir həftədən sonra həmin siçovullar çox rahat keçə bildikləri kiçik labirintin çıxışını tapa bilmirlər, məlum olur ki, onların beyinlərində infeksiya yaranıb, beyin hüceyrələrində dəyişiklik baş verib. Sözümün canı odur ki, cəmi bir həftə ərzində "fast food" qida qəbulu bu cür nəticələnirsə, onda daimi bu cür qidalanmağın nəticəsini özünüz düşünün!”

Seçilən
88
27
teleqraf.com

10Mənbələr