AZ

Neymar koronavirusa yoluxdu

Futbol üzrə Braziliya milli komandasının və “Santos”un 33 yaşlı hücumameyilli yarımmüdafiəçisi Neymar koronavirusa yoluxub.

Arena.az xəbər verir ki, bu barədə “Santos”un rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, COVID-19 diaqnozu qoyulan ulduz futbolçu simptomların özünü göstərməyə başladığı cümə axşamından bəri kollektiv məşqlərdən kənarlaşdırılıb. Təcrübəli oyunçu hazırda ev şəraitində həkiminin göstərişi ilə müalicə alır.

Neymar “Santos”un məzunudur. Hücumçu 2009-2013-cü illərdə “balıqlar”ın əsas komandasında çıxış edib.

Bu ilin əvvəlində Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı ilə müqaviləsinə xitam vermiş “Ney” 2025-ci ilin iyun ayının sonuna qədər müddətə “Santos”la müqavilə imzalayıb.

12 illik fasilədən sonra “Santos”un heyətində qayıtmış braziliyalı futbolçu cari mövsümdə “balıqlar” üçün 14 oyun keçirib, 3 qol və 3 məhsuldar ötürmə ilə fərlqənib.

Hücumçunun Braziliya klubunda çıxışının ümümi mənzrəsi 237 oyun, 139 qol və 69 məhsuldar ötürmədən ibarətdir.

Neymar 2013-2017-ci illər aralığında “Barselona”da çıxış edib və “blauqrana”nı öz istəyi ilə tərk edərək, PSJ-yə keçib. Bu, hələ də futbol tarixini ən bahalı keçidi olaraq qalmaqdadır – 222 milyon avro məbləğində əməliyyat.

“Ney” “blauqrana”nın heyətində 186 oyuna çıxıb, 105 qol vurub, 76 məhsuldar ötürmə verib. Braziliyalı ulduz “Barselona” ilə İspaniya La Liqasının (2 dəfə), İspaniya Kubokunun (3 dəfə), İspaniya Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Neymar PSJ-də də 6 il keçirdikdən sonra 2023-cü ilin yayında “Əl-Hilal”a keçib. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Amma zədələrdən qurtula bilməyən təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində cəmi 7 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda alıb.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 59 məhsuldar ötürmə verib. “Ney” “selesao” ilə FIFA Konfederasiyalar Kubokunu (2013) və Olimpiya Oyunlarını (2016) qazanıb.

“Transfermarkt” internet-portalı 33 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
126
arena.az

1Mənbələr