İlk Ay eniş missiyası uğursuzluqla nəticələnən Yaponiyanın Ispace şirkəti ikinci cəhdində də "Resilience" adlı kosmik aparatla əlaqəni itirib.
2023-cü ildəki Aya eniş cəhdində aparatını yerə salan şirkət 15 yanvarda başladığı ikinci "Hakuto-R" missiyasında da çətinliklərlə qarşılaşıb.
"Resilience" vasitəsilə yenidən Aya enməyə çalışan şirkət uğurlu enişin gözlənildiyi prosesi canlı yayımlayıb, lakin bu zaman aparatla əlaqə kəsilib.
Gələcək araşdırmalar üçün Ayda qida və su resurslarını tədqiq edib testlər aparmaq məqsədi daşıyan "Resilience" kosmik aparatının eniş cəhdində gerisayım başa çatdıqdan bir qədər sonra şirkət rəsmiləri açıqlama veriblər.
Rəsmilər aparatın eniş etdiyini təsdiqləyə bilmədiklərini, lakin əlaqə yaratmaq üçün işləri davam etdirdiklərini bildiriblər.
SpaceX şirkəti 15 yanvarda ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən Falcon 9 raketi ilə Firefly Aerospace şirkətinin "Blue Ghost" və Ispace-in "Resilience" adlı kosmik aparatlarını havalandırmışdı.
Firefly Aerospace-in toz nümunələri toplamaq və səth temperaturunu ölçmək məqsədilə göndərilən "Blue Ghost" aparatı mart ayında Aya enmişdi.
Ispace şirkətinə məxsus "Hakuto-R" Missiya-1 adlı kosmik aparat isə 2022-ci ilin dekabrında ABŞ-ın Cape Canaveral bazasından SpaceX-in Falcon 9 raketi ilə Aya göndərilmişdi.
Kosmik aparat 2023-cü il martın 21-də uğurla Ay orbitinə daxil olmuş, lakin Ispace şirkəti 26 aprel 2023-cü ildə Ay səthinə enməsi gözlənilən aparatla Tokio nəzarət mərkəzi arasında əlaqənin kəsildiyini, aparatın eniş zamanı yerə düşmüş ola biləcəyini açıqlamışdı.