AZ

Keçmiş AzTV sədrinin qardaşı oğlunun məhkəməsi: "Qazancın 50 faizi mənə çatmalı idi"

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı ilə gəlir əldə etmək istəyən, üç nəfərin pulunu ələ keçirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Alışan Nizami Akif oğlunun cinayət işi üzrə məhkəmənin növbəti iclası olub.

Referans Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə zərərçəkmiş Yadigar İsrafilov ifadə verib.

O bildirib ki, Nizami Alişanı əvvəlcə sosial şəbəkələrdən, sonra isə ortaq dostlarının vasitəsi ilə tanıyıb. 2022-ci ilin yanında ona 100 min, 2023-cü ildə 200 min dollar verib: "Hər şey yaxşı idi. Pul qoyub, gəlir götürürdük. Sonra Nizamini tapa bilmədim. Ona iki dəfəyə pul vermişəm. Mən pul verəndə digər zərərçəkmiş Zeynal Usubov da yanımızda olub. Qazancın 50 faizinin mənə çatacağı barədə söhbətimiz oldu. Nizamini Usubovla eyni vaxtda tanımışam. Verdiyim 100 min dollardan 2500 dolları mənə qaytardı. Sonra hər ay 2 min dollar verirdi. Cəmi 40 min dollar verib. Mənə dəymiş 160 min dollar zərərin ödənilməsini istəyirəm".

Zərərçəkmişin sözlərinə görə, Zeynal Usubovla biznes münasibətləri olub, onun obyektlərində işləyib: "Mən Usubovun avto salonlarında satıcı işləyirdim. Aylıq qazancım 3-4 min manat arasında olurdu".

Yadigar İsrafilov qeyd edib ki, Nizami Alışana verdiyi pulları dostlarından borc alıb: "2022-ci ilin mayında Nizamiyə verdiyim 100 min manatın 30 faizi mənim öz kapitalım olub, qalan pulu isə dostlarından borc almışam. 2023-cü ilin yanvarında verdiyim 100 min dolların isə hamısını borc götürmüşdüm. Borcumu qaytarmaq üçün 2024-cü ildə evimi satmalı oldum".

Daha sonra zərərçəkmiş Yadigar İsrafilovun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Onun ifadəsinə görə, Nizami Alişanı Feysbuk sosial şəbəkəsində tanıyıb. Onunla görüşə Zeynal Usubovla birlikdə gedib: "Mən ona qazanc götürmək məqsədilə pul verdim. Əvvəlcə mənə 2500, sonra isə hər ay 500 dollar qaytarırdı. Sonradan qazanc gəlmədiyi üçün pul verməkdən imtina etdi".

Zərərçəkmiş bildirib qeyd edib ki, bu işləri görməyi, gəlir götürmək barədə təklifi Nizami Alişan verib: "Dedi, bütün valyutaları alıb-satacaq, yaxşı gəlir olacaq. Mən özüm kənardan nəzarət edirdim, işlərlə Nizami məşğul olurdu. Vəziyyətlə bağlı bizə də məlumat verirdi".

Daha sonra sərbəst ifadə verən Nizami Alişan bildirib ki, bu iş xarici valyuta bazarı ilə bağlı olub: "İstənilən qədər pul qoya bilirsən, həmin pul qalxa və enə bilir. 2012-ci ildən invest.az fəaliyyətə başladı. Mən bu işi bilirdim, sosial mediada maliyyə bazarları ilə bağlı bloggerlik edirdim. Analitik yazıları, xarici birjalarla əlaqədar sosial şəbəkələrdə paylaşımlar etməklə məşğul idim. 10 mindən artıq izləyəcim vardı.

Zərərçəkən Babəklə xaricdə bir yerdə oxumuşuq. Babəklə sosial-iqtisadi məsələləri müzakirə edirdik. Məndən aldığı məsləhətlərə Türkiyədə xeyli pul qazandı. Bizim qızıl və türk lirası ilə bağlı proqnozlarımız özünü doğrultmuşdu. Babək özü mənə dedi ki, gəl sənə pul verim, birjada oyna. Hətta deyirdi ki, öz pulun kimi rəftar elə. Özünə nə yatırım edirsənsə, mənə də onu elə.

İlkin olaraq Babək mənə 100 min dollar verdi. Onda mənim birjalarda yarım milyon pulum vardı. İlkin olaraq 7-8 min dollar pul qaytardım. Sonradan işlərimiz yaxşı getdi, 30-35 min dollar pul qazandıq.

Sonradan Babək 400 min dollar pul göndərmək istədiyini söylədi, Zeynal adlı dostunu da bu işə qoşmaq istədi. Zeynal da 400 min dollar pul yatırdı. Bununla onlardan 900 min dollar yatırım oldu. Hər ay ona 100 min dollar pul verirdim. Lakin Babək deyirdi ki, bu, azdır. Artıq üstümə gəlirdi. Mən də risklər etdim, nə qədər itkilər verdim. Bu işin riskli olduğunu həmişə demişəm.

Babək 900 min dollarını geri istədi, mən isə dedim ki, o pulu çoxdan qaytarmışam. 2020-ci ildən 2023-cü il ərzində ona 2-3 milyon dollar pul qaytarmışdım. Lakin o əl çəkmədi, pulunu tələb etdi. Hətta 900 min dolların üstündə 3-4 aylıq faizini də tələb etdi.

Sonradan məndən şikayət etdi, tutuldum. Mənə fiziki və psixoloji təzyiqlər göstərdilər".

Növbəti proses iyunun 23-də davam edəcək.

İttihama görə, investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin üç milyon dollara yaxın (4 milyon 156 min 500 AZN) pulu ələ keçirilib.

Alışan Nizami Akif oğlu asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib.

Alışanı sosial şəbəkədən tanıyıb ona aldananlar isə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilovdur.

İttihama görə, Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib.

Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollar edir.

Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb. Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Alışan Nizami Akif oğlu cinayət məsuliyyətinə cəlb edilib. İşin ağırlığı nəzərə alınaraq, onun barəsində bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq dövründə zərərçəkmişlərin hamısı Alışanla üzləşdirilib, əməlini üzünə deyərək onu ifşa ediblər.

Digər zərərçəkmişlərdən biri isə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadədir. Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.

Ötən ilin yayında Zeynal Usubovun Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı. Z.Usubov məsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi.

Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib.

Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib.


Seçilən
174
referans.az

1Mənbələr