"Bu, sadəcə, söz-söhbətlərdir. Bilmirəm, bu suala necə cavab verim. Bu məsələ ilə AFFA rəhbərliyi məşğul olur".
Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş bu gün AFFA-nın inzibati binasında keçirilən mətbuat konfransında səsləndirilən "Latviya və Macarıstanla yoldaşlıq görüşlərində qənaətbəxş nəticə əldə olunmasa, istefaya göndəriləcəyiniz barədə xəbərlər yayılıb, bu, nə dərəcədə doğrudur?" sualına belə münasibət bildirib.
Portuqaliyalı mütəxəssis iyunda keçiriləcək yoxlama matçlarında qalib gəlmək istədiklərini söyləyib: "Yaxşı məşq prosesi keçib qələbə qazanmaq niyyətindəyik. Əvvəlki mətbuat konfranslarında da demişəm ki, bu, uzun yoldur. Yığmaya çağırılan futbolçular artıq bir-birini tanıyırlar. Biz öz yolumuzla davam etməliyik".
Qeyd edək ki, milli komandamız iyunun 7-də səfərdə Latviya, bundan 3 gün sonra isə Bakıda Macarıstanla yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.