Avropa İttifaqının Rusiyaya qarşı yeni, 17-ci sanksiyalar paketinə müxtəlif dövlətlərin bayraqları altında Rusiya neftini daşıyan 189 tankerə məhdudiyyətlər daxildir. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen sosial şəbəkədə məlumat verib.
"Rusiyaya qarşı 17-ci sanksiya paketimizlə bağlı razılaşmanı alqışlayıram. Biz hərbi texnikaya çıxışı daha da məhdudlaşdırırıq. Və siyahıya Rusiyadan enerji ixrac etmək məqsədi daşıyacaq kölgə donanmasının daha 189 gəmisini daxil etdik. Bu müharibə başa çatmalıdır. Biz Kremlə təzyiq göstərməkdə davam edəcəyik", - o yazıb.
Qara siyahıya düşən tankerlərin Aİ limanlarına daxil olması, Avropa biznesinə isə onlarla hər hansı əməliyyatlar qadağan ediləcək.
Mayın 14-də Avropa İttifaqının səfirləri Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyiblər.
“Politico” qəzeti yazıb ki, anti-Rusiya sanksiyalarından yayınmada iştirak edən 30 hüquqşünas məhdudiyyətlər altına düşəcək.