Ermənişünas alim Qafar Çaxmaqlı Azmedia.info.az-a açıqlamasında ermənilərin yenidən Qarabağa qayıdacağı ehtimalından danışarkən onların Azərbaycan ordusunun son lokal antiterror əməliyyatından sonra kütləvi şəkildə Ermənistana köç etməsinin gələcək gizli bir planının tərkib hissəsi olmağından bəhs edib.
“Erməni əhalinin Xankəndi və civarından çıxması ilə bağlı ermənilərin gizli bir planının olduğu barədə bəzi fikirlər var. Onların heç bir dirəniş göstərmədən, tez-tələsik bölgəni tərk etməsi müəyyən şübhələr doğurmuşdu”.
Tədqiqatçı erməni strateqlərin Qarabağdan köçən ermənilərlə bağlı müxtəlif fikirlərinin olduğunu diqqətə çatdırıb:
“Ermənistandakı strateqlərin bəziləri Qarabağ ermənilərinin kənarda yeni bir qurum yaratmaları və Azərbaycana təzyiq edərək həmin qurumun geri dönməsi fikrini müdafiə etməkdədirlər. Bəzi erməni siyasətçilər isə Kosova variantı üzərində dururlar. Kosovadan da alban əhali çıxmışdı, amma Serbiya onların geri dönüşünə mane ola bilmədi. Qarabağla Kosovanın fərqi isə odur ki, Kosovanın dövlət kimi subyekti var idi. Qarabağ erməniləri isə yalnızca toplumdur. Onların hansısa haqq iddiasının əsası yoxdur. Bu proseslərin baş verməsinə qədər ermənilərin və onların havadarlarının erməni əhalinin təhlükəsizliyi mexanizmlərinin qurulması tələbləri iflasa uğradı”.
Q.Çaxmaqlı bildirib ki, Qarabağdan tez-tələsik köçən ermənilərin bir qisminin geridönmə ehtimalı mümkündür:
“Əhalinin müəyyən hissəsinin geri dönüşü ola bilər, amma onların Azərbaycanın verdiyi vətəndaşlıq haqqından artığına iddiaları ola bilməz. Hesab edirəm ki, qarşıdakı aylarda ermənilərin müəyyən hissəsinin geri dönüşü mümkündür. Amma bu, heç nəyi dəyişdirə bilməz. Azərbaycan öz torpaqlarında dövlətin suveren haqlarını bərpa edib. Bir neçə min erməninin buraya geri dönüşü baş versə belə, məsələnin siyasi rəngini dəyişdirməyəcək. İndi boşalmış şəhər və kəndlərin gecikmədən Azərbaycanlı qaçqınlarla məskunlaşdırılması prosesi başlamalıdır”.