AZ

İstanbul derbisinin layiqli qalibi

Türkiyə Super Liqasında derbilərə hər zaman böyük maraq olur. Bu turdakı “Beşiktaş” – “Fənərbağça” matçı isə turnir cədvəli baxımından da əhəmiyyət kəsb edirdi. Belə ki, 1 gün əvvəl “Adana Demirspor”a qalib gələn “Qalatasaray”, matç çoxluğu ilə liderliyə yüksəlmişdi. Top fərqiylə üstün olan “Fənərbağça” isə liderliyi yenidən ələ keçirmək üçün bu matçda mütləq qələbə qazanmalı idi.

Derbilərdə meydan sahibi komandanın azarkeşlər baxımından üstünlüyünü nəzərə alsaq, ən azından ilk dəqiqələrdən rəqib cərimə meydançası yaxınlığında pressinq edəcəyini gözləmək olardı. Lakin gözləntilər reallaşmadı, reallıq fərqli oldu. Bu qarşılaşmada 90 dəqiqə ərzində üstün olan tərəf “Fənərbağça” idi. “Beşiktaş”ın zədəli oyunçusu çox olsa da, üstünlüyü rəqibinə bu qədər verməsi oyun planından əlavə, oyunçuların da konsentrasiya olaraq bu qarşılaşmaya yaxşı hazırlaşmadıqlarını göstərirdi.

Elə matçın əvvəllərində Tadiçin ötürməsini qola çevirən Dzeko günün əsas fiqurlarından biri oldu. Ümumilikdə komandanı yönləndirməsi, meydanın hər yerində mübarizə aparması bosniyalının əbəs yerə möhtəşəm karyerası olmadığını göstərir. Bərabərlik qolu da ilk hissədə gəldi. Rəqibin səhvindən sonra topu ələ keçirən Cenk Tosun cərimə meydançasında Samet Akaydının müdaxiləsi ilə penalti qazandı. Penaltini də Okleyd-Çemberleyn dəqiq yerinə yetirdi.

Amma bu bərabərlik qolu da “Beşiktaş”ın oyunda ciddi bir dönüş yaradacağını göstərmirdi. Bunun məntiqi davamı olaraq, ikinci hissədə Tadiç və Şimanskinin qolları ilə “Fənərbağça” 3:1 hesablı qələbə qazandı.

Ayrı-ayrılıqda oyunçuların qiymətləndirməsini aparsaq, matçın ən yaxşısı Ferdi Kadıoğlu idi. Gənc oyunçu oyun tempində, rəqibdən topu ələ keçirmədə, irəliyə uğurlu pas vermədə, driblinqdə və ikili mübarizələrdə çox inamlı təsir bağışladı. Əgər “Fənərbağça” rəhbərliyini qane edəcək satış məbləği təklif edilərsə, Ferdini həm də onun karyerası və oyun tərzi baxımından İngiltərə Premyer Liqası və Almaniya Bundesliqası komandalarından birinə satmaq doğru addım olardı.

“Fənərbağça”də Dzeko, Fred, Krespo, Osai-Samuel də çox yaxşı performans göstərdilər. Qonaq komandanın heyətində təkcə Samet Akaydın və sonradan oyuna daxil olan Cengiz Ünder haqda eyni sözləri söyləmək mümkün deyil. Sametin onsuz da təzyiq altında çıxış etdiyini nəzərə almaq olar, Cengizin isə hazırki vəziyyətinin heç bir izahı yoxdur. Ulduz futbolçu Roma və Marseldəki formasından çox uzaqdır. Belə getsə, Cengiz “Fənərbağça” adına mövsümün ən uğursuz transferi olacaq.

“Beşiktaş”da isə problemlər daha çoxdur. Qapıçı Mert Günok komandanın ən yaxşısı, ən məsuliyyətlisi idi. Oyun sonrası reportajında da qapıçının bəzi komanda yoldaşlarından çox narazı olduğu aşkar hiss olunurdu. Mertdən başqa təkcə Oksleyd-Çemberleynin adını mübarizə aparan oyunçular sırasında çəkmək olar. O da Rıza Çalımbayın oyun planına görə, özünü tam göstərə bilmədi. Çünki komandanın 7 oyunçusu meydanın “Beşiktaş”a aid tərəfindən irəliyə getmirdi. Mərkəz xəttini driblinqlə keçən Aleks də hücumda köməksiz qalırdı. Bu da “Fənərbağça”nin derbidə yorulmadan qələbə qazanmasına şərait yaratdı.

“Beşiktaş”ın toparlanması üçün bu yay edilən fiasko transferlərdən bəzilərinin göndərilməsi və yerinə mütləq şəkildə keyfiyyətli oyunçu transferi edilməsi lazımdır. Onana, Amarti, Umut Meraş kimi futbolçular “Beşiktaş”ı yuxarı səviyyəyə çıxaracaq adlar deyil. Əgər Çalımbay oyun tərzi olaraq, “Sivasspor”dakı kimi davam etsə, yeni İdarə Heyəti onunla da yolları ayıracaq.

Qarşılaşmada hakim Atilla Karaoğlanın performansı da diqqətdən qaçmadı. Hakimin matçda çox yanlış qərarı oldu. Kapitan olaraq epizodu izah etmək üçün yaxınlaşan Dzekoya verilən sarı vərəqə, Necip Uysalın bir neçə dəfə çox sərt müdaxilədən sonra cəzalanmaması absurd idi. “Fənərbağça”nin ilk penalti qazandığı epizodda Şimanskiyə qarşı edilən kobudluq aşkar görünə bilən vəziyyət ikən, hakim VAR sisteminə müraciət etdikdən sonra penalti təyin etdi. Tayfur Bingölə göstərdiyi qırmızı kartı yenə VAR-ın köməyilə haqlı olaraq ləğv edən Karaoğlan, son dəqiqələrdə Necip Uysala etiraz etməsi bəhanəsiylə anlaşılmayan sarı vərəqə göstərdi. Qarşılaşmanın VAR hakimi Özgür Yankaya baş hakimin kritik qərarlardakı səhvlərinin böyük ölçüdə düzəldilməsinə şərait yaratdı.

İstənilən halda, “Fənər” layiq olduğu qələbə ilə zirvəyə qayıtdı. “Beşiktaş” isə güman ki, bu mövsümü də titulsuz başa vuracaq.

ELGİZ ZARİ

Seçilən
106
futbolinfo.az

1Mənbələr