“Anklav və eksklav kəndlərin qaytarılması danışıqlar predmetidir. Sülh sazişindən əvvəl Qazaxın 7, Naxçıvanın Kərki kəndinin azad edilməsi üçün danışıqlar aparılmalı, prinsipial razılıq əldə olunmalıdır”.
Bu sözləri hələ də Ermənistanın işğalında olan Qazaxın 7, Naxçıvanın Kərki kəndinin qaytarılması ilə bağlı Azpost.info-ya açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.
Ekspertin sözlərinə görə, mütləq deyil ki, 8 kənd Azərbaycana, Başkənd isə Ermənistana qaytarılmalıdır: “Burada bir sıra nüanslar var. Təhlükəsizlik zabiti kimi deyə bilərəm ki, iki kənd – Naxçıvanın Kərki kəndi və Gədəbəyin Başkəndi perspektivdə təhlükə mənbəyi ola bilər. Çünki Kərki Azərbaycan ərazisindən, Başkənd isə Ermənistan ərazisindən 13-15 kilometr aralıdır. Təsəvvür edin ki, ermənilər Başkəndə gəlmək üçün Azərbaycanın 7 kəndinin yanından keçməlidirlər. Biz də Kərkiyə getmək üçün Ermənistanın içi ilə uzun yol getməliyik. Hesab edirəm ki, bu təhlükənin qarşısını almaq üçün torpaq mübadiləsi həyata keçirilə bilər. Dünya praktikasında da buna rast gəlinib. Söhbət güzəştdən getmir, mübadilədən gedir”.
Ekspertin fikrincə, bu məsələlər danışıqlar yolu ilə həllini tapmalıdır: “Düzdür, Kərki kəndinin ərazisi Başkəndin ərazisindən kiçikdir. Ermənistan bu mübadiləyə razı olmaya bilər. O zaman Qazaxın anklav kəndlərinin ərazisi hesabına bunu yoluna qoymaq olar. Məsələn, Qazaxın Yuxarı Əskipara kəndi kifayət qədər anklavdır. Bu kəndin ərazisi hesabına da torpaq mübadiləsi mümkündür. Eksklav kəndlərimiz isə birmənalı şəkildə qaytarılmalıdır. Yaxşı olardı ki, anklav və eksklav kəndlərin məsələsində sülh sazişi imzalananadək prinsipial razılıq əldə edilsin”-deyə, İ.İsmayıl vurğulayıb.
Anar ABDULLA
Azpost.info