AZ

NASA Ayın mənimsənilməsi ilə bağlı beynəlxalq tərəfdaşlarla əməkdaşlığı müzakirə edir

BAKI, 27 may. TELEQRAF

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Ayda daimi mövcudluğun təmin edilməsi məqsədilə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanlarını müzakirə edir.

Teleqraf xəbər verir ki, bunu NASA rəhbərinin səlahiyyətlərini icra edən müavini Lori Qleyz ABŞ və Rusiyanın bu istiqamətdə mümkün əməkdaşlığı barədə suala cavab verərkən deyib.

“Biz beynəlxalq tərəfdaşlarımızla fəal müzakirələr aparırıq. Düşünmürəm ki, bu əməkdaşlıq Beynəlxalq Kosmik Stansiyadakı ABŞ-Rusiya modeli formatında olacaq, müəyyən fərqlər olacaq”, - deyə Lori Qleyz bildirib.

Onun sözlərinə görə, NASA nümayəndələri tərəfdaş ölkələrlə müxtəlif missiya formatlarını qapalı şəkildə müzakirə edirlər. Bu əməkdaşlıq çərçivəsində tərəfdaşların faydalı yük və ya texniki avadanlıq təqdim etməsi mümkün sayılır.

Qleyz qeyd edib ki, müzakirələr geniş məsələləri əhatə edir. O bildirib ki, NASA beynəlxalq tərəfdaşlarla hermetik kabinəli Ay nəqliyyat vasitələrinin və yaşayış üçün nəzərdə tutulan Ay modullarının hazırlanması sahəsində də əməkdaşlıq imkanları görür.

Seçilən
58
teleqraf.com

1Mənbələr