AZ

Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb - FOTO

Mayın 26-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətlərinə baxılmasına dair ilkin baxış iclası başlayıb.

Aznews.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakimlər Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə – erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin prokurorları Anar Ələkbərov və Sevinc Qasımova, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.

İclasda məhkəmə tərkibi və tərcüməçilər proses iştirakçılarına təqdim olunub, məhkumların şəxsiyyət və anket məlumatları dəqiqləşdirilib, onların prosessual hüquq və vəzifələri izah edilib.

Tərəflər məhkəmə tərkibinə və tərcüməçilərə etirazlarının olmadığını bildiriblər.

Bundan əlavə, tərcüməçilərə qanunvericiliyin tələbləri, hüquq və vəzifələri izah olunub, məhkumların onlara etirazlarının olub-olmaması dəqiqləşdirilib. Müdafiəçilər, zərərçəkmiş şəxslərin nümayəndələri və dövlət ittihamını müdafiə edən prokurorların səlahiyyətləri elan olunub.

Seçilən
33
22
aznews.az

10Mənbələr